NIPA-30

Oğlu hakim təyin edilən müxalif deputat: “Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq”

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Arzuxan Əlizadə oğlu Orxan Əlizadənin Xətai rayon məhkəməsinin hakimi təyin edilməsinin müzakirə yaratmasına münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, oğlu Orxan Əlizadə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

A.Əlizadə xatırladıb ki, O.Əlizadə 1 il Naxçıvanda hərbi xidmət keçib: “Qayıdandan sonra isə hazırlaşaraq prokurorluq orqanlarına sənədlərini təqdim etdi və ölkə üzrə ən yüksək nəticə qazandı. Sonrakı mərhələdən də keçdi, lakin həmin dövrdə, görünür, müəyyən məsələlər nəzərə alınaraq prokurorluq orqanlarına qəbulu ilə bağlı mənfi mövqe sərgiləndi. Sonradan dövlət qulluğuna imtahan verdi, yenə də ən yüksək nəticə ilə müsabiqəni keçdi, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi kimi fəaliyyətə başladı. Artıq altı ildir ki, bu sahədə işləyir. Kifayət qədər təcrübəsi, kollektivdə də yaxşı reputasiyası var, hörmət qazanıb. Bu dövr ərzində də çox ciddi hazırlaşırdı”.

Onun qeyd edib ki, hakimlik imtahanlarını keçmək çox böyük bilik və bacarıq tələb edir: “Təxminən, ilk imtahanından iki il keçib. Mən isə o zaman parlament üzvü deyildim, partiya sədri idim. Oğlum dörd mərhələni də çox yüksək nəticə əldə edərək müvəffəqiyyətlə başa vurub. Bu sahədə Məhkəmə-Hüquq Şurası, müvafiq qurumlar, Ali Məhkəmənin sədri ən yüksək səviyyədə şəffaflıq yaradılmasına nail olublar. Bu, dövlət olaraq uğurumuzdur. Haqqı olanlara imkanlar yaradılıb ki, müvafiq strukturlarda işləsinlər. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm ki, mənim müxalif partiya sədri olmağım nəzərə alınmadan oğlum Orxan Əlizadənin şəxsi uğurlarını yüksək qiymətləndirdi, müvafiq qurumların rəylərini nəzərə aldı və oğlumun hakim təyin olunması ilə bağlı sərəncam imzaladı. Bu, heç bir halda bizim mövqeyimizə təsir etmir. Onsuz da, həm partiya, həm də şəxsim olaraq dövlətimizin yanında olduğumuzu demişik. Müxalif mövqeyimiz öz yerindədir, lakin hər zaman dövlətimizin yanında olmuşuq. AMİP yaranan ilk gündən “dövlət maraqları və milli maraqlar hər şeydən üstündür” prinsipi ilə fəaliyyət göstərib. Mən də bütün siyasi fəaliyyətim dövründə dövlət maraqlarını hər şeydən üstün tutmuşam. Bundan sonra da bu məqsədə, amala xidmət edəcəyik. Təbii ki, ayrı-ayrı problemlərlə bağlı mövqeyimiz bəzi sahələr üzrə fərqlidir. Təkrar edirəm, bunun mövqeyimizə heç bir təsiri olmayacaq. Gənclərə yeni imkanlar tanınması hazırda əsas prioritet məsələlərdən biridir. Geniş anlamda öz işini bilən, bacarıqlı, dövlətə bağlı gənc kadrların müvafiq strukturlarda yerləşdirilməsi üçün şərait yaradılması bir dövlət kimi uğurumuzdur və güclənməyimizə rəvac verən məsələdir. Məsələyə bu kontekstdən yanaşılmasının tərəfdarıyam”.