Deputatların sayı artırıla bilər – AÇIQLAMA
Azərbaycanda deputatların sayının artırılması ilə bağlı mövzu yenidən gündəmə gəlib. Son dövrlər əhalinin say artımı, seçici dairələrinin genişlənməsi və parlamentdə təmsilçilik məsələləri bu müzakirələri aktuallaşdırır. Mövcud deputat sayı cəmiyyətin bütün təbəqələrinin maraqlarını tam əhatə etməkdə çətinlik yarada bilər.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı Milli İstiqlal Partiyası olaraq hələ bir neçə il bundan əvvəl öz təkliflərimizi irəli sürmüşük:
“Mən şəxsən həmin təklifləri dəfələrlə öz adımdan da səsləndirmişəm. Məsələ ondadır ki, Azərbaycan Konstitusiyasında parlament üzvlərinin sayı 125 nəfər olaraq təsbit edilib. Lakin Konstitusiya 1995-ci ildə qəbul olunarkən Azərbaycanın əhalisi təxminən 7 milyon idi. Bu gün isə əhalinin sayı 10 milyondan artıqdır. Bu faktın özü bir sıra digər məsələlərlə yanaşı, konstitusion yenilənmələrə ehtiyac olduğunu göstərir. Bizim təkliflərimiz ondan ibarət olub ki, əhali sayının artması və mövcud reallıqlar nəzərə alınaraq Konstitusiyaya dəyişikliklər edilməsi həm mümkün, həm də məqsədəuyğundur. Bu çərçivədə parlamentin say tərkibinin artırılmasını təklif etmişik. Konkret olaraq 151 və ya 201 deputat variantları müzakirə mövzusu kimi irəli sürülüb. Şəxsi mövqeyimə görə 151 nəfərlik variant daha optimal hesab edilə bilər. Say məsələsi müzakirəyə açıqdır, lakin istənilən halda parlamentin tərkibinin artırılması təqdirəlayiq addım olardı”.
O bildirib ki, eyni zamanda əsas təkliflərimizdən biri də proporsional seçki sisteminin bərpa olunması və qarışıq seçki sisteminə keçid idi:
“Yəni parlamentin həm majoritar, həm də proporsional seçki mexanizmlərini özündə birləşdirən qarışıq seçki sistemi əsasında formalaşdırılması məsələsini vacib hesab etmişik. Bu mövqe ilə bağlı həmkarım Elman Nəsirov da öz fikirlərini açıqlayıb. Bu istiqamətdə təkcə bizim deyil, müxtəlif siyasi partiyaların, o cümlədən parlamentdə təmsil olunan qüvvələrin və digər siyasi aktorların da təklifləri olub. Biz də zamanında bu məsələlərlə bağlı rəsmi təkliflər irəli sürmüşük. Xüsusilə 2019-cu ildə Milli İstiqlal Partiyasının təşəbbüsü ilə 14 partiyanın birgə qəbul etdiyi “Siyasi islahatlar paketi” adlı sənəddə bu məsələlər öz əksini tapmışdı. Həmin sənəddə parlamentin say tərkibinin artırılması və qarışıq seçki sisteminə keçidlə bağlı partiyaların ümumi mövqeyi konsensus şəklində ifadə olunmuşdu. Bu gün də həmin təkliflər aktuallığını qoruyur və ölkənin siyasi sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.