NIPA-30

“Xüsusilə şimal və cənub qonşumuzun ABŞ-la əməkdaşlığa bir qədər ehtiyatla yanaşması gözləniləndir”

“Ötən il avqustun səkkizində Vaşinqtonda Azərbaycan prezidenti cənab İlham Əliyevlə ABŞ prezidenti Donald Tramp arasında bir razılaşma əldə olundu, müqavilə imzalandı. Eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlanması qərarı verildi. Bu məqsədlə hökümətlərarası işçi qruplar formalaşdı. Ötən altı ay ərzində işçi qrupların nümayəndə heyətlərinin qarşılıqlı səfərləri reallaşıb və artıq bir mükəmməl sənəd ərsəyə gətirildi. Fevralın 10-da isə, ABŞ-nin vitse prezidenti JD Vensin Azərbaycana səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında, prezident İlham Əliyev, qarşı tərəfdən isə vitse prezident Vensin imzası ilə Strateji Tərəfdaşlıq Xartiyası qəbul olundu. Qəbul olunmuş Strateji Tərəfdaşlıq Xartiyası dörd bölmədən ibarətdir və müxtəlif sahələri özündə ehtiva edir”

Bu barədə Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, regional bağlantılar enerji, ticarət, tranzit məsələlərindən başlayaraq layihələrə iqtisadi sərmayələr qoyulması, süni intellekt, rəqəmsal infrastruktur, həmçinin qarşılıqlı təhlükəsizlik sahəsində əməkdaşlıq, regional təhlükəsizlik və qlobal maştabda məsəllərində əməkdaşlıq və digər sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq münasibətlərindən özündə ehtiva edən sənəd kimi qəbul edilib: Xartiyada nəzərdə tutulur ki, bu sənəddən irəli gələrək müxtəlif sahələr üzrə dövlətlərarası əməkdaşlıq daha da genişlənsin. Eyni zamanda yeni layihələr təqdim olunması nəzərdə tutulur. Yaxın üç ay ərzində bu layihələrin təqdim olunması, əlavə sərmayələrin, o cümlədən özəl sektordan sərmayələrin cəlb edilməsi ilə layihələrin icra olunması nəzərdə tutulur. Həmçinin bölgədə dayanıqlı sülhə nail olunması üçün Azərbaycanın potensialından istifadə etməklə, qarşılıqlı münasibətlərin bir qədər də üst səviyyədə inkişafı nəzərdə tutulur”.

Arzuxan Əlizadə qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında bağlanmış bu Strateji Tərəfdaşlıq Xartiyası ölkələrimiz arasında münasibətlər baxımından, eləcə də bölgədə dayanıqlı sülhə və sabitliyə nail olunması, həmçinin böyük iqtisadi imkanlar əldə edilməsi baxımından da olduqca əhəmiyyətlidir. Deputatın fikrincə, regionda bundan narahat olan tərəflərin olacağı ehtimalı əvvəldən də var idi və bu gün də bu ehtimal istisna edilmir: “Xüsusilə şimal və cənub qonşumuzun bu cür əməkdaşlığa bir qədər ehtiyatla yanaşması, qısqanclıqla yanaşması gözləniləndir. Amma biz öz yolumuzu gedirik və Azərbaycan birmənalı olaraq region artıq əsas söz və güc sahibinə çevrilməklə regionun əsas aparıcı dövlətidir, lider dövlətidir. ABŞ da Azərbaycanla elə bu baxımdan münasibətlərin, əməkdaşlığın qurulmasında maraqlıdır. Bu, həm də Azərbaycanla yanaşı, eyni zamanda, ABŞ-ın da dövlət maraqlarına xidmət edən məsələdir. Xüsusilə də açılması nəzərdə tutulan yeni tranzit qovşağına, kommunikasiya qovşaqlarının inkişafına əlavə investisiyaların cəlb edilməsi və gələcəkdə həm siyasi, həm iqtisadi baxımdan böyük gəlir gətirə biləcək layihələrin icrası nəzərdə tutulur. Tərəflər də bunu diqqətə alaraq, artıq bir sənəd imzaladılar. Azərbaycanın liderliyi bölgədə dayanıqlı sülhə və sabitliyə aparacaq bir yoldur”.

Deputat bildirib ki, ABŞ-nin regionda layihələrin reallaşmasında həm iqtisadi, həm siyasi maraqlarının olması bölgədə sülhə möhkəmləndirmək istiqamətində ciddi uğur kimi də qəbul edilə bilər.