NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Etnik separatçılığa dəstək verən ölkənin Kremllə həmrəy olacağı gözlənilən idi”

Ermənistanda Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni ilk əvvəl erməni kommunistlər dəstəklədi. Daha sonra ABŞ səfirliyi qarşısında Birləşmiş Ştatlara etiraz, Rusiyaya dəstək xarakterli aksiya keçirildi. Eyni zamanda ermənilər muzdlu qismində Rusiya tərəfində döyüşmək üçün Ukraynaya yollandılar.

İndi isə Ermənistanda məktəblilər səviyyəsində Rusiyaya dəstək təşkil olunur. Məsələ ondadır ki, Ermənistanın Gümrü şəhərinin orta məktəb şagirdləri Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmək üçün fleşmob keçiriblər. Onlar Rusiya Silahlı Qüvvələrinin işğalda iştirak edən zirehli texnikasında təsvir olunan “Z” taktiki işarə formasında düzülərək şəkil çəkdiriblər. Bununla yanaşı, məktəbin müdiriyyəti uşaqlara həm də üzərində “Z” yazılmış vərəqlər paylayıb. Nəzərə alsaq ki, məktəblər hökumətin tabeliyindədir, bunun arxasında birbaşa hakimiyyət dayanır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin fikrincə, bütün bunlar Ermənistanın əsl simasını ortaya qoyur: “Dünya dövlətləri arasındakı siyasi münasibətlər sistemi  lap qədimdən xalqların davranış xüsusiyyətləri ilə  formalaşıb. Məsələyə geniş rakursdan baxsaq, xalqlar minilliklər boyu öz xarakterik xüsusiyyətlərini tarixin müxtəlif vaxtlarında açıq şəkildə göstərir. İndiki müasir dövrdə xalqları belə müqayisə etmək, bəlkə də qüsurlu sayıla bilər. Ancaq çox təəssüflər olsun, sivilizasiyanın ən yüksək dövründə yaşadığımız dövrdə insanlıq əleyhinə edilən cinayətlər bunu bizə deməyə əsas verir. Bu barədə maraqlı siyasi tezis də  mövcuddur. Bu tezisdə deyilir ki; “Xalqlar  öz mənəvi xüsusiyyətlərinə uyğun dövləti formalaşdırır”. Bir qədər bəsit də olsa, bu bir reallıqdır. Baxın, dünyanın harasında əzilən, öldürülən  insan varsa xalq və dövlət olaraq  Azərbaycan öz səsini çatdırır. Müharibənin dayandırılması üçün çağırışlar edir, əzilən insanlara humanitar köməyini əsirgəmir. Bu, Azərbaycan xalqı və dövlətinin  milli identikliyini təsdiq edən sübuta ehtiyacı olmayan bir aksiomadır”.

A.Nəbiyev hesab edir ki, bir çox dövlətlər dünyada sülhün, təhlükəsizliyin keşiyində dayanmaq əvəzinə, dünyanı qan gölünə çevirməyi qarşılarına məqsəd qoyublar: “Ermənistan, guya əvvəlcə Rusiyanın Ukraynanı işğalına  “neytrallıq” nümayiş etdirməyə çalışdı. Bu mümkün deyildi. Birincisi, Ermənistan KTMT-nin üzvüdür. İkincisi, etnik separatçılığa hər zaman dəstək verən dövlətdir. Etnik separatçılığa dəstək verən bir ölkənin Kremllə həmrəy olacağı gözlənilən idi. Üçüncüsü, bu ölkə Rusiyanın forpostudur. Burada neytrallıqdan söhbət gedə bilməz. Artıq rəsmi xəbərlərdə Ermənistan ordusunun Rusiyaya hərbi birlik göndərilməsi üçün müraciət etməsi inkar olunmayıb. Açıq desək, ermənilər işğalçının yanındadır. Gör bunların nankorluğuna bax ki, faşistlərə xas olan tərzdə məktəbliləri də bu işə alət edirlər. Bütün bunların fonunda, Rusiyaya tətbiq edilən sanksiyalar nədən Ermənistana şamil olunmur? Bax, bu sual deyil, bu, riyakarlığın, ikili, üçlü standartların real təsviridir. Azərbaycan dövləti açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ukrayna dövlətinə humanitar yardım göstərir və müharibənin dayandırılması üçün mütəmadi olaraq çağırışlar edir. Bu, Azərbaycan xalqının və dövlətinin  münaqişəyə oıan münasibətidir. Eyni zamanda, Azərbaycan nə KTMT-nin, nə də NATO-nun üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hazırda bu quruma sədrlik edir. Mövqeyimiz də birmənalıdır. İndi baxaq görək Ermənistanın bu mövqeyinə, işğalçıya dəstək verməsinə hansı reaksiyalar olacaq.  İkinci Qarabağ savaşında Fransa, Belçika, Kanada Ermənistanı müdafiə edirdi. İndi səssizcə qalıblar. Budurmu onların ədaləti?”.

Sədr müavini onu da əlavə etdi ki, indi həmin dövlətlər bütün bunlara cavab versinlər.

Azinforum.az