NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Dəhlizə əngəl olmağa çalışanlar yeni reallıqları qarşısında geri çəkiləcəklər”

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı əminliklə danışdı: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

Prezidentin mesajları ilə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq.

– Prezidentin məlum fikirlərini Zəngəzur dəhlizinin açılması üçün yeni imkanların yaranması kimi dəyərləndirmək olarmı?

– Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Ona görə bu dəhliz Azərbaycan üçün böyük imkanlar yaradacaq. Birinci növbədə Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtisadi önəmi əhəmiyyətli dərəcədə  artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Zəngəzur dəhlizinin işə dqşməsilə  Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir yolu açılacaq və bu nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək, əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli və çoxtərəfli əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu, ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Beləliklə, dəhlizin açılması ilə vaxtilə türk ölkələrinə qarşı edilən tarixi ədalətsizliyə son qoyulacaq, bu böyük coğrafiyada sülh və təhlükəsizlik zolağına çevriləcək.

– Bu, iştirakçı ölkələrə hansı perspektivlər açır?

– Zəngəzur dəhlizi, iştirakçı dövlətləri də nəzərdən keçirsək, nəinki Avrasiyanın, dünyanın ən böyük nəqliyyat habını təşkil edəcək. Çin dövləti də daxil olmaqla, Orta Asiya Cənubi Qafqaz, Avropaya qədər uzanan nəhəng bir proyekt sayəsində iqtisadi canlanma yaradacaq. Bu böyük coğrafiyada təhlükəsizlik zolağı təmin olunduqdan sonra  nəqliyyat zolağından istifadə edən dövlətlərin iqtisadi həyatında mühüm dəyişikliklər baş verəcək. Eyni zamanda, təxminən 40 dövlətin turizm imkanları genişlənəcək. Milyonlarla turist bu dəhlizin imkanlarından istifadə edərək turizm sahəsinə böyük töhfələr verəcək. Ermənistan bu layihə ilə blokadadan çıxaraq dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilər. Əslində bu dəhlizin açılması digər dövlətlərdən çox Ermənistana mənfəət verəcək. Ermənistanı mövcud kollapsdan yalnız bu dəhliz xilas edə bilər.

– Zəngəzur dəhlizinin açılması iştirakçı ölkələr arasında inteqrasiyaya necə təsir göstərəcək?

– Zəngəzur dəhlizinin reallaşdırılması dünyada artıq bir zərurətə çevrilib. Rusiya-Ukrayna müharibəsi uzandıqca Avropa, Avrasiya, Afrika dövlətlərinin böyük əksəriyyəti nəqliyyat-kommunikasiya əlaqələrindən kənarda qalıb. Bu, bütövlükdə dünya iqtisadiyyatına çox ciddi təsir göstərməkdədir. Ümumiyyətlə, nəqliyyat kommunikasiya xətləri işğallar, kənar təzyiqlər olduğu halda dünyanın bütün sahələrdə inkişafına əngəllər yaradır. Məhz bu baxımdan Zəngəzur layihəsi dünyada baş  verən münaqişələr fonunda sülh, barış platforması kimi təqdim olunur. Bu layihəyə qarşı çıxanlar büyük bir arealın təhlükəsizliyinə təhdid yaratmağı düşünürlər. Ancaq bu mümkün olmayacaq. Zəngəzur dəhlizinə əngəl olmağa çalışanlar dünyanın yeni reallıqları qarşısında  geri çəkiləcəklər. O ki qaldı iştirakçı ölkələr arasında inteqrasiyaya, bu layihə xalqlar arasında siyasi, mədəni, iqtisadi əlaqələrin inkişafına səbəb olacaq. Dövlətlər arasında infrastruktur layihələrin artmasına gətirib çıxaracaq. Bütövlükdə, layihədən əksər dövlətlər faydalanacaq.

– Dəhlizin açılması regionun geosiyasi konfiqurasiyasını necə şəkilləndirəcək?

– Dəhlizin açılması regionda yeni bir iqtisadi mənzərə yaradacaq. Məşhur Zbiqnev Bjezinski “Böyük Şahmat Taxtası” əsərində qeyd edirdi ki; “Avrasiyaya nəzarət edən kim olacaqsa, dünya hegomoniyası həmin dövlətin əlində olacaq”. Bir az obrazlı ifadə olunsa da, bu fikir həqiqəti əks etdirir. Yeni konfiqurasiya dinc məqsədlərə xidmət etdiyindən, dünyanın əksər dövlətləri bu layihənin həyata keçirilməsinə dəstək nümayiş etdirir. Bir məsələni də xüsusilə vurğulamaq istərdim ki, bu layihə yeni dünya düzənində Avrasiya bə Avropa dövlətlərinin həm də təhlükəsizlik konsepsiyası kimi dəyərləndirilir. Azərbaycanın burada aparıcı xətt olması dövlətimizin nüfuzunu daha da artıracaq. (Bakı-Xəbər).

Azinforum.az