Azərbaycanın “NATO siyasəti” Ukrayna və Gürcüstandan ağıllı çıxdı…
Afsəddin Nəbiyev: “Dövlətimiz digər platformalarda da uğurlu xarici siyasətini bu formatda davam etdirməlidir”
“Biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib.
Ölkə başçısının sözlərinə görə, Ukrayna və Gürcüstana illər əvvəl verilən vədlərə əməl olunmadı: “NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir. Bu mənim xatirəmdədir. Mən NATO-nun Buxarestdəki Zirvə görüşündə iştirak edirdim və Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa ölkələrinin rəhbərləri tərəfindən NATO-ya üzvlük üçün tədbirlər planına qəbul edilməmişdir. Lakin bunun əvəzində elan olunmuşdur ki, onlar üzv olacaqlar. Nə zaman? Bunu heç kim söyləmədi, 15 il keçib. Onlar olduqları yerdədirlər. Lakin biz ordusunun gücü baxımından NATO-nun ikinci dövləti ilə saziş imzaladıq və bu ciddidir. Beləliklə, biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik”.
Bütün bunlar Azərbaycanın düzgün strategiya seçdiyini göstərir.
Mövzu ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, sözügedən məsələdə Azərbaycan balanslı siyasət yeritdi: “Azərbaycan dövləti ərazilərimizin işğal olunduğu dövrdə 1992-2020-ci illərdə səbrlə bütün beynəlxalq platformalarda təmsil olunmaqla sülh yolu ilə torpaqlarımızın azad olunması üçün uzunmüddətli ağır mürəkkəb tarixi bir dövr keçdi. NATO ilə Azərbaycan dövləti arasında ilk təmaslar 1992-ci ildə qurulmağa başlandı. Sonrakı illərdə Azərbaycan NATO ilə əməkdaşlıq və tərəfdaşlığı beynəlxalq hüququn tələblərinə uyğun olaraq davam etdirdi. Nəticə olaraq NATO-nun Riqada, Strasburqda keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Bu illər ərzində Azərbaycan NATO-nun Sülh Əməliyyatları Konsepsiyasına qoşulmaqla peşəkar ordu quruculuğu sahəsində çox böyük uğurlara imza atdı. Bu Konsepsiya çərçivəsində Azərbaycan hərbçiləri Kosovoda, İraqda, Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında uğurlu xidmət keçməklə ordumuzun və dövlətimizin nüfuzunu bütün dünyaya nümayiş etdirməyə müvəffəq oldu. Azərbaycan dövləti bütün bunları etməklə yanaşı, NATO ilə münasibətlərdə müstəqil siyasət yeritməklə, geosiyasi güc balansını dəqiqliklə tənzimləyərək orta xətdə dayanıqlığını qorumaqla öz mövqeyini daha da möhkəmləndirdi. Daha sadə izah versəm, Azərbaycann siyasi rəhbərliyi bütün reallıqları nəzərə aldı, beynəlxalq güc nisbətini doğru təhlil etməyi bacardı. Məhz bu baxımdan Prezident İlham Əliyevin NATO ilə bağlı dilə gətirdiyi bu ifadə bütün anlamlarda həqiqəti əks etdirir. Həqiqətən Azərbaycan əməli nəticələrə çevrilməyən bəyanatlardansa, praktiki addımlara üstünlük verərək NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalamaqla böyük Zəfərə imza atdı. Hazırda Azərbaycan NATO ilə istər nəzəri, istərsə də praktiki cəhətdən sağlam münasibətlər əsasında fəaliyyətini uğurla davam etdirir. Ancaq Gürcüstan və Ukrayna nümunəsində bu proseslər aydın görünmür. Bu baxımdan Azərbaycan dövləti istər NATO ilə, istərsə də digər platformalarda uğurlu xarici siyasətini bu formatda davam etdirməlidir”.
Vidadi ORDAHALLI