NIPA-30
Bayramov Rəşad Aydın oğlu

“Sülh yolu ilə problem həll olunmasa Azərbaycan addım atacaq” – Politoloq açıqladı

“Rusiya indiki mərhələdə təbii olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və tərəflər arasında sülh sazişinin bağlanmasında maraqlı deyil. Rusiya problemin qalmasını tərəflərə qarşı təzyiq vasitəsi əldə etmək kimi görür və Rusiya düşünür ki, problem davam edəcəyi halda onun əlində istər Azərbaycana, istərsə də Ermənistana təzyiq etmək imkanı qalacaq, lakin bunu açıq şəkildə bəyan edə bilmir, cünki başı Rusiya-Ukrayna müharibəsinə qarışıb”.

Bunu Faktmedia.az-a politoloq Rəşad Bayramov deyib. Politoloq əlavə edib: 

“Ona görə də bir növ məcburi loyallıq nümayiş etdirir. Amma, məcburi loyallığı birbaşa təzyiqlə yox, faktiki olaraq danışıqlar prossesində ABŞ-ın və ya Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan nəticələrin problemin həllinə kömək etmədiyini bəyan etməklə bildirir. Bu da o deməkdir ki, Rusiya  istəyir ki, bütün danışıqlar prossesi onun vasitəçiliyi ilə həyata keçirilsin, bu da ona prossesləri uzatmaq, danışıqları uzatmaq imkanı versin. Amma, nəticə etibarilə Azərbaycan tərəfi olaraq biz 30 illik danışıqlar prossesində nəticənin  olmadıgının, yəni danışıqların fayda vermədiyinin acı təcrübəsini bildiyimiz üçün, artıq kimin nə deməsindən asılı olmayaraq sülh prossesinin tezləşdirilməsini, öz həllini tapmasını, tərəflər arasında münasibətlərin tezliklə normallaşmasını istəyirik. Bunun üçün isə, danışıqlar təbii ki, lazımdır, faydalıdır, amma, paralel olaraq digər addımların da atılması zəruridir ki, bununla bağlı da Azərbaycan artıq müvafiq addımlar atır. I mərhələdə Laçın yolu üzərində sərhəd- gömrük buraxılış məntəqəsi yaradılması həyata keçirildi, separatçı rejimə alternativ yollarla daşınan silah-sursatın qarşısını almaq üçün həmin yollar nəzarətə götürüldü. Dünəndən etibarən görüntülər yayılıb ki, Xankəndi-Xələfli yolu ilə yenə də Rusiya sülhməramlılarının müşayəti ilə separatçı rejimə silah- sursatın daşınması həyata keçirilir. Çox böyük ehtimalla həmin yollar da nəzarətə götürüləcək. Azərbaycan tərəfi bu addımları atmaqla faktiki olaraq həm vasitəçilərə, həm Ermənistanın özünə başa salmağa çalışır ki bizim quru danışıqlarla vaxt keçirmək fikrimiz yoxdur. Əgər problem sülh yolu ilə, danışıqlar masasında tərəflərin razılığı ilə həyata keçiriləcəksə, lap yaxşı, əgər bu baş verməyəcəksə, Azərbaycanın  beynəlxalq hüququn ona tanıdığı imkanlar çərçivəsində konkret addımlar atacağı heç kəsdə şübhə doğurmamalıdır”.

Politoloq onu da əlavə edib ki, son Brüssel görüşündə Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın 86,6 km2 sərhədləri çərçivəsində ərazisini tanıyıb:

“Bundan əvvəl də Paşinyan bu cür bəyanatlar vermişdi, amma o zaman həmin bu ərazi ifadəsi bəyanatlarda öz əksini tapmırdı və bu da Ermənistana manipulyasiya imkanları verirdi. Ermənistan deyirdi ki 1991- ci ildə Alma-ata bəyəannaməsi qəbul olunan zaman Dağlıq Qarabağ Muxtar vilayəti referendum keçirərək Azərbaycanın tərkibindən çıxmışdı və biz Azərbaycan deyəndə yerdə qalan hissəni nəzərdə tuturuq. Son Brüssel görüşündə Ermənistan məcbur olub 86,6 km2 ərazi çərçivəsində ərazi bütövlüyümüzü tanıdı. Bu da o deməkdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycanın tərkib hissəsi olmasını qəbul edir, eyni zamanda, Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılması ilə bağlı artıq real şərait yetişir. Azərbaycan Ermənistanın bu gün artıq tanıdığı ərazi çərçivəsində, yəni beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində Ermənistanı gözləmədən belə, sərhədlərin delmitasiyası və demarkasiyasını həyata keçirə bilər”.

Rəna Həsənova

faktmedia.az