NIPA-30

Arzuxan Əlizadə: “Makron bu açıqlaması ilə Qranada görüşünü indidən birbaşa zərbə altında qoyur”

Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir” bəyanatına münasibət bildirib.

XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Fransa Prezidentini xəyalpərəst adlandırıb: “Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?! Bunları demək üçün ancaq gərək zəngin fantaziyaya malik olasan”.

Qeyd edək ki, Fransa prezidenti Makron Azərbaycanın Ermənistana qarşı mümkün hücumundan narahat olduğunu bildirərək deyib ki, Bakı bu ölkənin ümumi sərhədini və ərazi bütövlüyünü təhdid edir. Ölkəsinin Ermənistanın ərazi bütövlüyünə çox diqqətli olduğunu bildirən Makron deyib: “Bu gün Azərbaycanla şərik olan Rusiya, bu manevrləri hər zaman dəstəkləyən Türkiyə və Ermənistan sərhədini tanımayan və təhdid edən Azərbaycan hökuməti var”.

Necə yəni, Rusiya Azərbaycanın ortağıdı və Ermənistanın ərazi bütövlüyünü təhdid edir? Bu bəyanatdan sonra 5 oktyabrda Qranadada keçiriləcək Əliyev-Paşinyan-Mişel görüşünə Makronu buraxmaq olarmı?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Makron açıq formada Azərbaycana yönəlik düşmənçilik mövqeyindən çıxış edir: “Makron bütün diplomatik etik normaları pozaraq siyasi mövqe sərgiləyir. Bununla açıq şəkildə bütün dünyaya göstərir ki, Fransa danışıqlarda tərəfdir. Düzdür, Fransanın sözügedən məsələdə Ermənistanın mövqeyindən çıxış etməsi yeni bir şey deyil. Ancaq heç bir Fransa prezidenti 1991-ci ildən sonra Makron qədər Azərbaycana münasibətdə qərəzli və siyasi tərbiyəsizlik mövqeyindən çıxış etməyib. Məsələn, əvvəlki Fransa prezidentləri regiona səfər edəndə həm Ermənistana, həm də Azərbaycana gəlirdilər. Ancaq Makron Ermənistana səfər etsə də, Azərbaycana səfər etməyib. Qəribədir ki, Makron Fransa-Azərbaycan iqtisadi əlaqələrini, “Total” şirkətinin “Abşeron” yatağında gördüyü böyükmiqyaslı işləri də nəzərə almır. Bu şəxs Fransanın maraqlarını gözüyumulu Ermənistana qurban verir. Əfsuslar olsun ki, Fransa siyasi elitası bunun fərqinə varmır və Makrona dur demir. O baxımdan Makron bu açıqlaması ilə Qranada görüşünü indidən birbaşa zərbə altında qoyur. Ona görə də onu qarşıdakı danışıqlardan təcrid etmək lazımdır. Bu, açıq şəkildə təxribatdır. Rusiyanın Azərbaycana hansı dəstəyindən söhbət gedə bilər ki, Qarabağdakı erməni bəlasını bu dövlət yaradıb?! Əsrlər boyu erməniləri tarixi torpaqlarımıza köçürüb, azərbaycanlıları sıxışdırıb. Onlara əzəli torpaqlarımızda yoxdan dövlət yaradıb, 1923-cü ildə Qarabağ ermənilərə saxta əsaslarla Muxtar Vilayət statusunun verilməsini təmin edib. İndi situasiya, geosiyasi vəziyyət elə gətirib ki, Azərbaycan 30 il əvvəlki zəif dövlət deyil. Öz gücü hesabına Qarabağda suverenliyini bərpa edib. Fransa prezidenti isə heç bir əsas olmadan əldə etdiyimiz uğurlara Rusiyanı şərik etməyə çalışır. Bir sözlə, Fransa bu siyasəti ilə Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz”.

Vidadi ORDAHALLI

baki-xeber.com