NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Ermənistan Rusiyadan qopmaq üçün sözün həqiqi mənasında tarana gedir”

Ermənistan parlamentində Roma statutu ilə bağlı müsbət qərar verilib. Belə ki, Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiya layihəsinə müsbət rəy verib. Müxalifət nümayəndələri iclasda iştirak etməyiblər. Beləliklə, Rusiya rəhbərliyinin sərt reaksiyasına səbəb olan məlum layihə qarşıdakı plenar iclasın gündəliyinə salınıb.

Ermənistanın bu addımından sonra Rusiya Xarici İşlər Nazirliyinin reaksiyası gecikməyib. Rusiya XİN-i bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. İrəvan statutla bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb. Moskva Ermənistan Parlamentində statutla bağlı zərərli qərara möhür vurmayacaq qüvvələrin olacağına ümid edir”.

Maraqlıdır, Rusiya “ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq” deyərkən hansı addımları ata bilər?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Kreml buna cavab olaraq bir sıra təzyiq rıçaqlarını işə salmağa çalışacaq: “Əvvəlcə onu vurğulamaq istərdim ki, Roma Əsasnaməsi müasir dünyanın beynəlxalq məhkəmə proseslərinin tətbiqi üçün azsaylı ciddi platformalar siyahısındadır. Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsi dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlər hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir. Roma Əsasnaməsinin beynəlxalq sülhün təmin olunması üçün əsas prinsipləri özündə ehtiva etməsi bir cox müharibə cinayətləri edən dövlətləri qane etmir. Məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin 2016-cə ildə Roma Əsasnaməsinin ləğv edilməsi ilə bağlı qərar verdi. Rusiya bu addımına belə bir “bəraət” qazandırmağa çalışdı ki, Krımın işğalının bu statutla  heç bir əlaqəsi yoxdur. Rusiyanın bu addımları bardağı daşırdı. Ancaq aparıcı dünya dövlətləri Rusiyanın bu addımlarının dünyada sülhün təmin olunması üçün böyük risqlər yaratdığını dərk edərək Roma Əsasnaməsinin işlək vəziyyətə gətirilməsi üçün hərəkətə keçdilər”.

A.Nəbiyevin fikrincə, Ermənistanın Roma Əsasnaməsinin layihəsini ratifikasiya etməsi cəhdləri Rusiya ilə münasibətlərin, demək olar ki, kulminasiya və qırılma nöqtəsi sayıla bilər: “Faktiki olaraq Ermənistan Rusiyanın müharibə cinayətləri törətdiyini parlament qanunu ilə təsdiq etməyə çox yaxındır. Rusiyanı da qıcıqlandıran elə bu məsələlərdir. Vaxtilə müttəfiq dövlətlər sayılan Rusiya ilə Ermənistan artıq sərt ritorika ilə bir-birini ittiham etməyə başlayıblar. Paşinyan hakimiyyətinin bütün risqləri göz önünə alaraq Rusiya ilə açıq müstəvidə belə təhlükəli addımlar atması onu deməyə əsas verir ki, Ermənistan Rusiyadan qopmaq üçün sözün həqiqi mənasında tarana gedir. Bunun nə ilə nəticələnəcəyini yaxın vaxtlarda görəcəyik. Kreml buna cavab olaraq İrəvanda iğtişaşlar və sabotajlar törətməyə cəhd edəcək. Təbii ki, bu onlar üçün vəziiyyətin nə dərəcədə əlverişli olmasından asılı olacaq. Əgər Paşinyan Roma Əsasnaməsini parlamentdə ratifikasiya etdirə bilsə, eyni zamanda hakimiyyətini qoruyub saxlaya bilsə, Ermənistanın Rusiya ilə münasibətlərii tamamilə sıfırlanacaq. Bir sözlə, Rusiyanın Cənubi Qafqaz siyasətində həlledici mərhələnin başladığını demək mümkündür. Belə bir məqamda Azərbaycan dövləti ayıq-sayıqlığı bir an belə əldən verməməli, aparılan uğurlu siyasəti sona catdlrmalıdır. Milli birliyimizi qorumaqla, inanıram ki, Azərbaycan dövləti bu mərhələni da uğurla başa çatdıracaq. Bizim yolumuz haqq yoludur. Roma Əsasnaməsinin əsas prinsiplərindən biri ola müharibə cinayətləri, soyqırımı Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı həyata keçirilib. Azərbaycan  hazırda Ermənistan tərəfindən xalqımıza, dövlətimizə qarşı aparılan müharibə cinayətlərinin aradan qaldırılması üçün  son uğurlu tamamlama işlərini həyata keçirməkdədir. İnanıram ki, qalib dövlət olaraq  bundan sonra da böyük  uğurlara imza atacağıq”.

Vidadi ORDAHALLI

baki-xeber.com