NIPA-30

Müxalifət İlham Əliyevin qəti Qarabağ qələbəsini etiraf etsə nə olar?..

Etiraf edilməlidir ki, Prezident İlham Əliyev Qarabağ problemini kökündən həll etməklə Azərbaycana böyük uğur qazandırıb. Təbii, bu məsələdə ordunun da rolu danılmazdır. Bu, həm də böyük diplomatik qələbədir ki, dünya gücləri Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul edir.

Bütün bu proseslərə bilavasitə İlham Əliyev rəhbərlik edib. Ancaq maraqlıdır ki, radikal müxalifət bunu dilə gətirmək istəmir. 44 günlük qələbəni əldə edəndə məhz onlar deyirdi ki, qələbəmiz yarımçıqdır: çünki  Xankəndi, Əsgəran, Ağdərə, Xocalı yoxdur. İndi hamısı var, ancaq radikal müxalifətin yenə etirafı yoxdur. Bəyəm göz qabağında olan bu qədər həqiqəti  etiraf etmək adamı müxalifətçilikdən çıxarır?

Milli İstiqlal Partiyası Mərkəzi Şurasının sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, antiterror əməliyyatının həyata keçirilməsi və nəticədə Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin özünü buraxaraq tərksilah edilməsi, silah-sursatın təhvil verilməsi, nəhayətdə separatçı rejimin özünü buraxması ilə bağlı qərar qəbul etməsi, sözsüz, böyük uğurdur və bunu danmaq mümkün deyil: “Ordumuzun şücaəti və atılmış diplomatik addımlar bizi uzun illərin həsrətindən qurtardığı kimi, dövlətimizin suverenliyini də təmin etmiş oldu.

Antiterror əməliyyatlarının başlanması bir sosial tələb idi. Gəncindən yaşlısına qədər hər kəs artıq uzun müddətdir ki, bu əməliyyatların başlanmasını istəyirdi. Çünki söhbət Azərbaycanımızın bir parçasından gedir. Təbii olaraq siyasi partiyalarımız da məsələdə yekdil fikirdə idilər və imzalanan son bəyanatla bir daha həm ordumuza, həm Ali Baş Komandana dəstəklərini ifadə etmiş oldular.

Radikal müxaifət dediyiniz qruplara gəldikdə isə, deyim ki, onların sərgilədiyi mövqe heç də gözlənilməz olmadı. İlk dəfə deyil ki, biz həmin qruplar tərəfindən ölkənin uğurlarına kölgə salacaq mövqenin şahidi oluruq. İndi də uzun müddət ərzində hakimiyyəti antiterror tədbirlərinə başlamadığı üçün mənasız danışıqlarda ittiham edən qüvvələr ilk əvvəl antiterror əməliyyatlarına dəstək bəyanatına imza atmaqdan imtina edərək problemin danışıqlar yolu ilə həllinin vacibliyini dilə gətirdilər. Problem kökündən həll olunduqda isə susmağa üstünlük verirlər.

Bilirsiz, belə müxalifətçilik olmur. Bu gün Azərbaycan hakimiyyətini yığılıb qalmış sosial problemlərdə, fantastik qiymət artımlarında, əhalinin güzəranının aşağı olmasında, qazilərimizin üzləşdiyi sosial problemlərdə və s. çoxlu saylı məsələlərdə tənqid etmək olar və lazımdır. Amma istər diplomatik müstəvidə, istərsə də hərbi sahədə əldə edilmiş uğurları, özü də möhtəşəm uğurları gözardı etmək, onları danmaq heç bir halda qəbuledilən deyil və həmin şəxslərə başucalığı gətirmir.

Birdəfəlik bilmək lazımdır ki, milli, dövlət maraqları olan yerdə müxalifətçilik ola bilməz. Bu məsələ ümummilli məsələdir, ona görə də hər kəs bir mövqedən çıxış eləməlidir, milli mənafeyə uyğun hərəkət etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

baki-xeber.com