NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu dövlətlər üçün ədalət meyarı onların siyasi, iqtisadi məqsədləridir” 

AŞPA Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib və bu zaman hansı dövlətlərin ölkəmizə qarşı çıxdığı məlum olub . Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Qətnamənin əleyhinə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri səs verib.

Bundan başqa İsveçənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən, hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib.Türkiyənin kürdləri təmsil edən HDP-dən olan deputatı da Azərbaycana qarşı mövqe tutub. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub.

Ermənistanı, Fransanı, Almaniyanı anladıq. Təəccüb doğuran və məyusedici məqam odur ki, İtaliya, Böyük Britaniya, Moldova və Serbiyadan olan depuatlar da Azərbaycana qarşı səs veriblər. Halbuki, bu ölkələr Azərbaycanın enerji ticarətində əsas tərəfdaş ölkələrdir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bununla Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqeyinin  əyani sübutunun bir daha şahidi olduq: “Bizə qarşı qarayaxma kampaniyasında yer alan o dövlətlərdir ki, özünü “demokratiya carçısı” kimi təqdim etməklə, əslində bir çox dövlətlərin arasındakı nifaqın, münaqişənin davam etməsinə daha  çox səy göstərirlər. Özü də bu qarayaxma prosesi nə vaxtdan start götürdü? Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra. Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzə qaldıq. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizim diplomatlara deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. Biz belə məsələlərdə tərəf kimi iştirak edə bilmərik. Bəs indi nə baş verdi tərəf olduğunuzu dərhal üzə çıxardınız? Bu suallar təbii ki, onların özlərinə yönəldilib. Qarabağda yaşayan ermənilər heç bir humanitar böhran olmadan könüllü olaraq Azərbaycan ərazisini tərk ediblər. Nədən bu məsələ Avropa Şurasında müzakirə mövzusu olarkən münaqişənin ilk ilində Ermənistandan zorla qovulan üç yüz min azərbaycanlının taleyindən bir dəfə də olsun müzakirələr getmədi? Onlar özləri də yaxşı bilirlər ki,  etdikləri bu davranışlar qərəzlidir. Bir bəhanə ilə Azərbaycana qarayaxma kompaniyasında yer almaqla öz “missiyalarını ” yerinə yetirirlər. Bütün bunlar Azərbaycan dövlətini haqq yolundan döndərə bilməz. Heç bir halda belə ədalətsuz yanaşma ilə Azərbaycanın iradəsinə təsir göstərmək mümkün deyil. Azərbaycan əleyhinə səs verənənlər bu addımları ilə bir daha sübut etdilər ki, bu dövlətlər üçün ədalət meyarı onların siyasi, iqtisadi məqsədləridir. İqtisadi maraqlar təmin olunan kimi, digər məsələlər arxa plana keçir. İtaliya, Böyük Britaniya, Moldova və Serbiyadan olan depuatların sərgilədiyi mövqe utancvericidir”.

Vidadi ORDAHALLI

baki-xeber.com