NIPA-30
a

National Independence Party of Azerbaijan

Arzuxan Əlizadə: “Bütün bu oyunlar Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına hesablanıb”

Bu günlərdə həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də bu ölkənin XİN rəsmisi Mariya Zaxarova bəyan ediblər ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası bölgədə gərginliyi artırır, Moskva-İrəvan münasibətlərini pozur. 

O cümlədən, sülhə, təhlükəsizliyə heç bir töhfə vermirlər və onlar regionda əlavə gərginlik mənbəyidir.

Ancaq bütün bunlara baxmayaraq, Ermənistan rəsmiləri Aİ mülki missiyası ilə mütəmadi təmasdadılar, tez-tez görüşlər keçirilir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib. Görüşdə Aİ-nin mülki müşahidə missiyasının fəaliyyəti müzakirə edilib. Hətta mülki missiyanın statusu ilə bağlı ayrıca müqavilə hazırlanıb və müqavilə imzalanacaq. Digər tərəfdən, Fransanın İrəvandakı səfiri Olivye Dekotini bildirib ki, Ermənistan öz suverenliyini və əhalisini qorumaq qabiliyyətində olmalıdır. O iddia edib ki, Paris İrəvanla strateji yaxınlığı, eləcə də onunla müdafiə münasibətlərini üzərinə götürür. Belə görünür ki, Aİ-nin Ermənistandakı fəaliyyətini, həm Rusiiya, həm də Azərbaycana qarşı mövqeyini əsasən Fransa səfiri idarə edir, yönəldir.  

Bütün bunların fonunda, mülki missiya məsələsində İrəvanın Moskvanın qabağında belə at oynatması necə izah oluna bilər? Bu proses Avropadan idarə olunurmu? 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bütün bu oyunlar Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına hesablanıb: “Ona görə də davamlı olaraq Rusiya əleyhinə siyasi fəaliyyətlər müşahidə olunur. Aİ missiyasının Ermənistanda fəaliyyəti genişləndirilir, missiya üzvlərinin sayı artırılır, KTMT boykot edilir. Avropa rəsmiləri ilə görüşlər inensivləşir və erməni tərəfi bunu nümayişkaranə şəkildə edir. Eyni zamanda, İrəvanda Rusiyaya aid heykəllər təhqir edilir. Rusiyaya qarşı həm siyasi, həm də psixoloji qıcıq yaradan hallara gedilir. Məqsəd Ermənistanı Rusiyanın təsirindən çıxarmaqdır. Burada diqqəti çəkən məqam odur ki, Rusiyanın Ukrayna bataqlığında olduğu bir şəraitdə proses intensiv hal alıb. Çünki həm Avropa rəsmiləri, həm də Paşinyan komandası yaxşı bilir ki, bu bir fürsətdir. Ukrayna müharibəsinin gedişindən aslı olaraq sabah belə bir imkan olmaya bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyadan asılılığı çox böyükdür. O üzdən Fransa tələsir. Əslində Avromissiyanın apardığı siyasəti Fransa idarə edir. Fransa qurumun imkanlarından öz məqsədləri üçün istifadə edir. Fransa Ermənistanda hərbi baxımdan Rusiyanı əvəz etməyə çalışır. Fransanın İrəvandakı səfiri Olivye Dekotininin səsləndirdiyi fikirlərin sətiraltı mənası həm də bunu özündə ehtiva edir”.

Vidadi ORDAHALLI

baki-xeber.com

Add Comment