NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu, Rusiyanın Ermənistanı hələ də özünün bir əyaləti hesab etdiyini nümayiş etdirir” 

Məlum olduğu kimi, Rusiya və Ermənistan arasında münasibətlər yenə gərgin mərhələdə qalmaqda, eyni zamanda tərəflər üçün yeni qalmaqallar yaranmaqdadır. 

Buna səbəb bu günlərdə İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin vandalizmə məruz qalması olub. Məsələyə Moskva sərt reaksiya verib.

Erməni mediasında baş verənlərlə əlaqədar Rusiyada cinayət işinin açılması hiddətlə qarşılanıb: “Kütləvi informasiya vasitələrində “Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib” xəbərləri yayılıb. Dayanın! Bastrıkin və onun idarəsi, hətta bütün Rusiya Ermənistan ərazisində törədilən cinayətə necə münasibət bildirir? Cinayət Rusiya Federasiyası vətəndaşına qarşı törədilməyib. Abidə Rusiya şəhəri olmayan İrəvanda yerləşir. Bəs Bastrıkinə Ermənistanın suveren ərazisindəki abidənin təhqir olunmasına görə cinayət işi başlamaq hüququnu kim verib? Siz Moskvada Ermənistanı Rusiya Federasiyasının subyekti hesab edirsiniz, yoxsa nə?”.

Ümumilikdə, bunun beynəlxalq hüquq nöqteyi-nəzərindən həqiqətən də izahına ehtiyac var. İrəvanda baş verən məlum hadisəyə görə Risiyanın cinayət işi açması hüquqi baxımdan nə dərəcədə əsaslıdır?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hüquqi baxımdan bu doğru deyil və digər dövlətin işinə müdaxilə deməkdir: “Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsində və 2023-cü il sentyabr antiterror tədbirlərdən sonra ağır məğlubiyyəti həzm edə bilməyən Ermənistandakı millətçi siyasi dairələr Rusiyaya qarşı açıq-aşkar nifrət püskürürlər. Onların iddiası ondan ibarətdir ki, müharibə dövründə Rusiya Ermənistana KTMT qoşunlarını niyə cəlb etməyib. Erməni millətçiləri hələ də dərk edə bilmirlər ki, axı hərbi əməliyyatlar Azərbaycan ərazisində baş verirdi. Rusiya prosesi dəqiq qiymətləndirərək ermənilərin oyunlarına qatılmadı. Nəticədə Ermənistan Qarabağ müharibəsində   ağır məğlubiyyətə uğradı. Beləliklə ermənilərin Rusiyanın köməyinə olan bütün ümidləri puça çıxdı. Bundan istifadə edən Paşinyan və onun komandası dərhal siyasi elitanın məyusluğunu Rusiya əleyhinə təbliğat maşınına çevirməyi bacardı. Sadə bir sualla  erməni siyasi dairələrinə müraciət edildi: “Ermənistan Rusiyanın müttəfiqidirsə, onda bizim müttəfiqimiz  bizi niyə tərk etdi?”. Bu ritorika beləcə gücləndi. Nəticə olaraq Rusiya-Ermənistan münasibətləri ən təhlükəli bir dövrünə qədəm qoydu. Erməni siyasi şərhçiləri etiraf edirlər ki, Ermənistanda anti-Rusiya təbliğatı üçün hər il müxtəlif təşkilatlar milyonlarla dollar vəsait ayırır. Bu təşkilatlar indi də Ermənistanı inandırmağa çalışırlar ki, Rusiya sizin aranızda dayanmadı, ancaq Qərb Ermənistanı müdafiə edəcək. İndi baş verməkdə olan hadisələrin əsl mahiyyəti bundan ibarətdir. Abidə məsələsinə gəldikdə, Rusiyanın bununla bağlı cinayət işi açması beynəlxalq hüquqa uyğun deyil. Çünki hadisə Ermənistanda baş verdiyi üçün erməni tərəfi buna cavabdehdir. Ermənistan buna görə hüquqi məsuliyyət daşıyır. Ancaq bəlli formada araşdırma Rusiyanın Ermənistanın daxili işinə qarışması anlamına gəlir. Nə olsun ki, abidə Leninqradla bağlıdır? Bu, Rusiyanın Ermənistanı hələ də özünün bir əyaləti hesab etdiyini nümayiş etdirir”.

Vidadi ORDAHALLI

baki-xeber.com