NIPA-30

Paşinyan niyə tələsir? (ŞƏRH)

“Növbədənkənar parlament seçkiləri, həm də Konstitusiya dəyişikliyi asağı-yuxarı eyni məqsədə xidmət etdiyindən Nikol Paşinyan hər ikisini sülh müqaviləsi imzalanmasından öncə etməyi planlaşdırır”.

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Elşən Mustafayev Ermənistanda Konstitusiya dəyişikliyilə bağlı referendumla yanaşı, növbədənkənar parlament seçkilərinin keçiriləcəyilə bağlı yayılan fikirləri şərh edərkən deyib.

Elşən Mustafayev bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin 2024-cü ilin ortalarında keçirilə biləciyi ilə bağlı fikirlər hələ 2023-cü ilin sonlarından gündəmə atılmışdı:

“Maraqlısı o idi ki, bu fikirlər hakim partiyaya yaxın dairələr və mətbuat tərəfindən dövriyəyə buraxılır. 2024-cü ilin əvvəllərində isə ilin ortasında Konstityusiya dəyişikliyi ilə bağlı referendumun olacağı anonsları da verildi. Bu mənada hər iki prosesin eyni zamanda keçirilməsi ehtimalları var. Paşinyan yaxşı bilir ki, ölkəsində iqtisadi, siyasi sabitliyə nail olmaq üçün bu il  ərzində sülh müqaviləsinin imzalanmasına nail olmalıdır. O, sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu anlayır. Eyni zamanda bilir ki, müqavilə imzalanandan sonra ölkədə onu dövlət maraqlarını satmaqda, ölkənin ərazisinin itirilməsində ittiham edəcəklər. Bu yöndə əleydarlarları ölkə daxiləndə və xaricdə olan bütün resurlarından istifadə etməyə çalışacaq”.

Belə bir vəziyyətdə həmsöhbətimiz düşünür ki, növbəti seçkilərdə Paşinyanın uğur qazanacağı ilə bağlı suallar yarana bilər:

“Hətta parlamentdə çoxluq qazansa belə, müxalifətin səsləri nəzərəçarpacaq dərəcədə arta bilər ki, bu da onun fəaliyyətində, qarşısına qoyulan missiyanın həyata keçirilməsində birmənalı şəkildə problemlər yaradacaq. Digər bir məsələ Ermənistan Konstitusiyasında bir çox dəyişikliklərin olunması zərurətinin ortaya çıxmasıdır. Burada tək qonşularına qarşı ərazi iddialarının Konstituiyadan çıxarılmasından söhbət getmir. Digər vacib məsələlər də var ki, Paşinyan hakimiyyətə gəldikdən sonra həmin məqamların ona ciddi mane olduğunu görür. Hansi ki, bu maneələr ölkənin siyasi, iqtisadi idarəetməsində, xarici siyasət proqlamlarının həyata keçirilməsində ona əngəl yaradır. Bunları tənzimləmək üçün Konstitusiya dəyişikliyinə getməyi düşünür və hazırda əhali arasında bunun vacib olması ilə bağlı təbliğat gedir. Ona görə də həm növbədənkənar parlament seçkiləri, həm də Konsitusiya dəyişikliyi asağı yuxarı eyni məqsədə xidmət etdiyindən hər ikisini sülh müqaviləsinin imzalanmasından öncə etməyi planlaşdırır. Bu səbəbdən onların eyni vaxta keçirilməsi perspektivi inandırıcıdır”. 

Elşən Mustafayev deyib ki, amma buna mane olan qüvvələr də olacaq:

“Hazırda reqionda yaşanan eskalasiya da məhz həmin qüvvələrin işi ola bilər. Hesab edirəm ki, Ermənistanda və reqionda ciddi hadisələr baş verməsə, uzağı qarşıdan gələn payıza qədər seçki və referendumun keçirilməsi gözləniləndir”. 

Qeyd edək ki, Paşinyana müttəfiq olan siyasi partiyanın liderinin bildirdiyinə görə, hakimiyyət böyük ehtimalla Ermənistan Konstitusiyasının dəyişdirilməsi üçün referendumla eyni vaxtda növbədənkənar parlament seçkisi də keçirəcək. Azadlıq Radiosunun erməni xidməti yazır ki, baş nazir yalnız bu yolla Konstitusiyanın dəyişdirilməsi üçün referendumda kifayət qədər səs qazana bilər.