Parlament seçkiləri gələn ilə qalır? – ŞƏRH
Bir müddətdir ölkədə yeni parlament seçkiləri ilə bağlı müzakirələr gedir. Belə iddia vardı ki, növbədənkənar seçkilər elan olunacaq və bu, yay aylarında baş tuta bilər.
Son olaraq isə bildirilir ki, parlament seçkilərinin bu il yox, gələn il keçirilməsi gözlənilir…
Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkiləri növbədənkənar qaydada 2020-ci ilin fevral ayında keçirildiyi üçün növbəti parlament seçkilərinin hansı ilin noyabr ayında keçirilməsi ictimai müzakirələrə səbəb olur. Bəzi müxalifət deputatları parlament seçkilərinin bu il keçirilməsinin zəruri və qanunun tələbi olduğunu bildirirlər.
AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, konstitusiyada Milli Məclisin hər çağırışı üçün seçkilərin beş ildən bir noyabr ayının birinci bazar günü baş tutduğu qeyd edilib. Konstitusiyanın 98-1-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər: “Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçilən Milli Məclisin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının ilk bazar günü keçirilir. Ölkədə sonuncu parlament seçkiləri 2020-ci ilin 9 fevralında keçirildiyindən, hazırkı çağırış parlamentin fəaliyyətinin beşinci ili 10 fevral 2024-cü ildən etibarən başlayır və konstitusiyaya əsasən ölkədə növbəti parlament seçkiləri 2024-cü ilin noyabr ayının ilk bazar günü, yəni 3 noyabr 2024-cü il tarixinə təsadüf edir. Amma məsələ burasındadır ki, bu, imperativ qayda deyil. Yəni 5 il də ola bilər. Belə olacağı təqdirdə isə təbii ki, parlament seçkiləri hazırkı parlamentin fəaliyyətinin beş ili tamam olanda, yəni 2025-ci ilin fevralında keçirilə bilər.
Bu ilin noyabrından tez seçkilər keçirilməsi isə yalnız o halda mümkündür ki, Milli Məclis özünü buraxsın və növbədənkənar parlament seçkiləri Prezident tərəfindən təyin edilsin. Qanunun tələbi budur. Əgər bu olmayacaqsa, çox böyük ehtimalla COP-29-a görə parlament seçkiləri noyabr ayında deyil, gələn ilin fevralında keçiriləcək. Çünki bu, daha real və məqsəduyğun görünür”.
“Yeni Müsavat”