Arzuxan Əlizadə: “Türkiyəsiz bütün bunların həyata keçməyəcəyinin fərqindədilər”
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono ilə görüşüb. Görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.
Bundan başqa, Baş nazir Nikol Paşinyan mətbuat konfransı zamanı Qərbdə Türkiyəni Ermənistan-Azərbaycan nizamlanması prosesinə cəlb etmək meylinin olub-olmaması ilə bağlı suala cavab verərkən deyib ki, geosiyasi aktorlar neytral qalmalıdırlar; əks halda onlar Ermənistan-Azərbaycan nizamlanması prosesində konstruktiv rol oynaya bilməzlər. Türkiyənin regionda və dünya səhnəsindəki roluna gəlincə, baş nazir qeyd edib: “Reallıq ondan ibarətdir ki, biz Türkiyənin varlığını həm müşahidə edirik, həm də hiss edirik”.
Paşinyanın fikrincə, Ermənistanın Türkiyə ilə gündəmi olmalı və bunu Azərbaycan vasitəsilə deyil, qonşu ölkə kimi qəbul etməlidir: “Etiraf etməliyik ki, Türkiyə də mühüm beynəlxalq rol oynayır”.
O da məlumdur ki, ABŞ zaman-zaman Azərbaycan amili nəzərə alınmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışıb, amma istəyinə nail ola bilməyib. Çünki Türkiyə bununla razılaşmayıb. Artıq Paşinyan da bu prosesə Türkiyənin qoşulmasını istisna etməyib. Bu, həm də o deməkdir ki, Azərbaycansız Türkiyə-Ermənistan sərhədlərinin açılması iddiaları tam şəkildə iflasa uğradı. Türkiyə buna getmədi və Ankaranı buna razı sala bilmədilər. Konkret mövqeyini belə qoydu ki, Azərbaycanla münasibətlər yoluna qoyulandan sonra sərhədlər açılacaq. Ona görə də Azərbaycan-Ermənistan normallaşma prosesinə Türkiyəni rəsmən cəlb etmək istəyirlər. Paşinyanın məlum açıqlaması bu reallığı qəbul etmək anlamına gəlir ki, bu da müsbət siqnaldır. Paşinyanın açıqlaması, Rubinyanın Bono ilə görüşməsi o deməkdir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə tam yeni rakursdan baxış başlayıb. Azərbaycan-Ermənistan normallaşma prosesinə Türkiyənin rəsmən cəlb olunması prosesi və bu, çox yaxşı haldır.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Birləşmiş Ştatlar Türkiyəsiz prosesin irəliyə getməyəcəyinin fərqinə varır: “Ona görə də artıq bu reallıqla barışmalı olur. Artıq fərqindədilər ki, məsələlər paralel şəkildə öz həllini tapmalıdır. Yəni Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə yanaşı, Türkiyə ilə sərhədlər açılmalıdır. Bununla yanaşı, Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində fəal iştirak etməlidir. Çünki Türkiyənin regionda və dünyada artan rolu bunu diqtə edir. Necə deyərlər, Türkiyəsiz bütün bunların həyata keçməyəcəyinin fərqindədilər. Hələ 44 günlük Vətən müharibəsindən əvvəl ABŞ dəfələrlə Qarabağ məsələsi həll olunmadan Ermənistan-Türkiyə sərhədlərinin açılmasına cəhd edib. Vaşinqtonun arqumenti o idi ki, sərhədlərin açılması guya Qarabağ probleminin həllinə müsbət təsir edəcək. Halbuki bu, Ermənistanın işğalçılıq mövqeyini daha da gücləndirə bilərdi. 2009-cu ilin oktyabrında Qərbin bilavasitə vasitəçiliyi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dair Sürix protokolları imzalandı. O zaman bunda başlıca məqsəd Qarabağsız Türkiyə-Ermənistan sərhədlərini açmaq idi. Ancaq bütün cəhdlərə baxmayaraq, Sürix protokolları işləmədi. Antiterror əməliyyatlarından sonra bəlli oldu ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır, ərazi iddialarından rəsmən imtina etməlidir. Ondan sonra Ermənistanın Türkiyə ilə sərhədləri açıla bilər. Görünən odur ki, ABŞ bu reallığı qəbul etdiyi üçün Ankaranı Bakı-İrəvan münasibətlərinin tənzimlənməsinə cəlb edir. Bunu Paşinyan hakimiyyəti də qəbul edir”.