NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, bu, mümkündür”

Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bəyan edib ki, suverenliyimizin bərpası həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək.

Ölkə başçısı bunu belə əsaslandırıb: “Ötən görüşümüzdən bu yana dünyada, eləcə də regionumuzda çox hadisələr baş verib. Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, zənnimcə, onların daha geniş fəsadları var. Çünki bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir ki, fikrimcə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bunu şərtləndirən bir sıra faktorlar var: “Həqiqətən dünyada baş verən dəyişikliklərə nəzər yetirsək görərik ki, Cənubi Qafqazda son illər əsasən Azərbaycan bu bölgənin əsas, aparıcı dövlətinə çevrilib. 1990-cı illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistan və onun havadarları, siyasi meydanda tənha köməksiz qalmış, yeni yaranmış dövlətimizə, xalqımıza qarşı ən böyük ədalətsizlik etdilər.Torpaqlarımız erməni işğalçı qüvvələri tərəfindən işğal olundu.Yüz minlərlə qaçqın və məcburi köçkünün öz doğma yurdlarından qovulması ciddi çətinliklərin yaranmasına səbəb oldu. Baş verənlər iqtisadi vəziyyəti ağır olan ölkəmizin durumunu daha da ağırlaşdırdı. Ancaq Azərbaycan dövləti bu illər ərzində heç bir dövlətin qarşısında sınmayaraq bütün sınaqlardan üzüağ çıxmğı bacardı. Tarixdə belə nümunələr çox azdır. Məhz bu baxımdan Azərbaycan xalqı XXI əsrin 20-ci   illərində dünya tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsi möhürünü vurmağı bacardı. Böyük Zəfər Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bütün dünyaya bir daha sübut etdi. Ermənilərin etnik separatçılıq niyyətləri tarixin zibilliyinə atıldı. Azərbaycan Ordusu 2023-cü ilin sentyabr ayının 19-da cəmi bir gün ərzində antiterror tədbirləri həyata keçirərək silahlı erməni separatçılarını təslim olmağa məcbur etdi. Bu əməliyyat ona görə öz unikallığına görə seçilir ki, əməliyyat zamanı bir nəfər olsun belə dinc sakin ziyan çəkmədi. Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Azərbaycan bu mənada özünəməxsus formada yeni hərbi əməliyyatın modern nümunəsini ortaya qoydu. Dövlət başçısı İlham Əliyev çox doğru olaraq qeyd edib ki, bizim yaratdığımız nümunə münaqişələrdən əziyyət çəkən dövlətlərə müsbət təsir göstərə bilər. Separatizmdən əziyyət çəkən digər dövlətlər Azərbaycanın metodlarını tətbiq edib suverenliyini təmin edə bilər. Çünki Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, bu mümkündür”.