İrəvana ciddi xəbərdarlıq: “Nəzərə almasa…”
“Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir”.
Bu sözləri Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan yolundan dönməyəcək:
“Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.
Beləliklə, Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına xəbərdarlıq edib. Dövlətimizin başçısı bir daha diqqətə çatdırıb ki, Azərbaycan bundan sonra da qarşısına qoyduğu hədəflərinə nail olacaq. Bu çıxış da rəsmi İrəvanı dəstəkləyən, Ermənistanda revanşist əhval-ruhiyyə yaratmağa çalışan qüvvələrə mesaj kimi qiymətləndirilir. Ümumiyyətlə, Ermənistan hansısa dövlətlərin təhriki ilə revanşist addımlar atmaq istəsə, cavabı çox ağır olacaq.
Bunun üçün 44 günlük Vətən müharibəsini və bir günlük antiterror tədbirlərini xatırlamalıdırlar. Unutmasınlar ki, güclü Azərbaycan Ordusu istənilən ssenariyə hazırdır.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, hər bir ölkənin öz ərazisində olan separatçılara və terrorçulara qarşı tədbirlər keçirmək hüququ var:
“Rəsmi Bakı da 10 noyabr Bəyanatı imzalanandan sonra bildirirdi ki, Ermənistan imza ataraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və hələ də Azərbaycan ərazisində terrorçu birləşmələrin mövcudluğuna imkan verir. Təəssüflər olsun ki, qarşı tərəf bu çağırışlara heç bir reaksiya vermirdi. Əksinə, Qarabağda separatçıların və terrorçuların bir qədər silahlanmasına rəvac verdilər. Təbii ki, dövlətimiz buna dözə bilməzdi”.
Partiya sədri qeyd edib ki, Azərbaycanın ötən ilin 19-20 sentyabr tarixlərində bir günlük uğurlu antiterror əməliyyatı dünya üçün nümunə idi:
“Bu, əslində çox böyük bir nümunə idi. Bir gün ərzində bölgəni tam olaraq terrorçulardan təmizləmək çox böyük güc tələb edirdi və Azərbaycan buna nail oldu.
Beləliklə, bölgəni terroçulardan necə təmizləmək lazım olduğunu bütün dünya gördü. Azərbaycan öz təbii hüququndan istifadə edərək bunu həyata keçirdi. Üstəlik, bu antiterror əməliyyatları həyata keçirilərkən bir nəfər belə olsun mülki şəxs zərər görmədi”.
Arzuxan Əlizadə diqqətə çatdırıb ki, Prezidenti İlham Əliyevin bununla bağlı növbəti dəfə beynəlxalq ictimaiyyətə verdiyi mesaj qarşı tərəfə də ünvanlanmışdı:
“Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. Ermənistan kommunikasiya xətlərinin açılması, delimitasiya və demarkasiya, habelə sülh prosesi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Dövlət başçısının dünən bununla bağlı söylədiyi fikirlər də qarşı tərəfə də ciddi bir xəbərdarlıq idi ki, biz öz gücümüzlə bölgədə növbəti dəfə sabitliyə nail ola bilərik. Ermənistan rəhbərliyi də bunu nəzərə almalıdır. Əks təqdirdə, Azərbaycan növbəti dəfə tədbirlər həyata keçirə bilər”.