Afsəddin Nəbiyev: “Vaşinqtonu o pərt etdi ki, artıq Rusiya Azərbaycanla Ermənistan arasında sülh olmasını istəyir”
Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına münasibəti Azərbaycanda birmənalı qarşılanmayıb.
Patel bunu Azərbaycanın suverenliyinə hörmət kimi qiymətləndirmək əvəzinə, məsələyə fərqli yanaşıb. Qeyd edib ki, biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir.
ABŞ-ın sülhməramlıların çıxmasından belə məyus olması ötən il antiterror əməliyyatlarından yaranan situasiyanı xatırladır. Məsələ ondadır ki, 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl – sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşü olub. Bu, Ukraynada müharibənin başlanmasından sonra Moskva və Qərb arasında ilk təmas olub. Həmin görüşdə ABŞ Rusiya ilə sövdələşməyə cəhd edib. Yəni Vaşinqton həmin görüşdə Rusiyadan Azərbaycana öz suverenliyini bərpa etməsinə mane olmasını istəyib. Çünki bilirdilər ki, Azərbaycan sonsuza qədər Xankəndinin separatçıların nəzarətində qalmasına dözməyəcək və suverenliyini bərpa edəcək. Ancaq Rusiya ABŞ-ın istəyini qəbul etməyib.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bütün bunlar ABŞ-ın Azərbaycana münasibətdə qərəzli olmasının göstəricisidir: “Birləşmiş Ştatların Rusiya Federasiyasının “sülməramlı” kontingentinin Azərbaycan ərazisindən çıxmasına bu şəkildə yanaşması bir daha onu sübut etdi ki, ABŞ hər zaman olduğu kimi, ikili oyun oynayır. Bu açıqlama o qədər bəsit yanaşmadır ki, hətta deyərdim çox gülməlidir. Rusiya sülhməramlıları Azərbaycanda olanda da narazılıq edirdilər, indi çəkilir, yenə narazılıq edirlər. Nonsens deyilmi? ABŞ-ın marağında sülh olmadığı bu yanaşma ilə çox aydın görsənir. Onların “məntiqi” məhz belə məqamlarda ortaya çıxır. Yəni dünyanın hər yerində savaş olsun ki, bunlar silah-sursat satıb daha çox qazansınlar. Rusiyanın özü də bu ölkələr siyahısındadır. Ancaq yanaşma fərqlidir. Vaşinqtonu o pərt etdi ki, artıq Rusiya Azərbaycanla Ermənistan arasında savaş yox, sülh olmasını istəyir. Eyni zamanda antiterror əməliyyatları öncəsi ABŞ-ın davranışlarının, bu dövlətin “sülh missiyası” pərdəsinə bürünərək konfliktin dərinləşməsinə xidmət etdiyini də unutmamalıyıq. Birləşmiş Ştatlar sona qədər diplomatik vasitələrdən istifadə etdi ki, Bakı antiterror əməliyyatları keçirməsin. Biz nəzərə almalıyıq ki, Bayden adminstrasiyası erməni lobbisinə yaxındır. ABŞ o dövlətdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə Konqres ölkəmizə qarşı dövlət yardımını qadağan etdi. Görünən odur ki, Azərbaycanın hazırda Cənubi Qafqazda söz sahibi olması Qərbi daha çox narahat etməyə başlayıb. Azərbaycan dövlətinin sabitlik adasına çevrilməsinin bu güclərin marağında olmadığı bir daha aydın oldu. Hansı dövlətlərin nələri deməsindən asılı olmayaraq, Azərbaycan öz gücü və qüdrəti ilə öz suverenliyini tamamilə bərpa etdi. Rusiya “sülhməramlıları” 2020-ci ilin hərbi-siyasi vəziyyətinə uyğun olaraq Qarabağa yerləşdirildi. Onların missiyası artıq başa çatıb. Məhz ona görə də Azərbaycan ərazisini tərk etdilər. Əslində ABŞ Azərbaycan xalqını təbrik etməliydi. Ancaq görünən odur ki, məyus olublar”.