NIPA-30

Putinin MDB ölkələri ilə bağlı məxfi müzakirəsi – plan nə…  

Kreml lideri Təhlükəsizlik Şurasının ilk iclasında məhz postsovet məkanını yada saldı və toplantının qapalı hissəsində Lavrovun məruzəsi dinlənildi; ekspertlərə görə, bu region Moskvanın ürəyidir, Qərb isə ora…

“Rusiya MDB ölkələri ilə münasibətlərə xüsusi diqqət yetirməlidir. Bizim üçün həmişə prioritetimiz ən yaxın qonşularımızla, postsovet məkanında formalaşmış müstəqil dövlətlərlə münasibətlər qurmaqdır”. 

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunun rəhbərlik etdiyi Təhlükəsizlik Şurasının ilk iclasında belə deyib. İclasın qapalı hissəsində bu məsələ ilə bağlı xarici işlər naziri Sergey Lavrovun məruzəsi dinlənilib. Bəllidir ki, Rusiya bu il MDB-yə sədrlik edir. Putin ötən il dekabrın 26-da Sankt-Peterburqda MDB liderləri ilə keçirilən ənənəvi qeyri-rəsmi sammitdə deyib ki, Rusiyanın bu qurumu necə qoruyub saxlamağa və tarixi münasibətləri pozmamağa dair öz baxışı var. Bəzi ekspertlərin fikrincə, Rusiyanın MDB-yə sədrliyi bu təsisatın inkişafına yanaşmaları ciddi şəkildə dəyişəcək. Moskva MDB ölkələri arasında iqtisadi, mədəni və humanitar əlaqələri gücləndirmək, MDB və Avrasiya İqtisadi İttifaqının normativ-hüquqi bazasını uyğunlaşdırmaq, Birlik sərhədlərinin təhlükəsizliyinə xüsusi diqqət yetirmək və xarici təhlükələrə qarşı mübarizə aparmaq niyyətindədir. 

Çünki son illərdə MDB layihəsinin tükəndiyi və onun yalnız SSRİ-nin dağıldığı dövrdə aktual olduğu barədə fikirlər tez-tez səslənir. Dünyadakı mövcud çağırışlar kontekstində təbii ki, Rusiya üçün MDB çərçivəsində əlaqələrin dərinləşdirilməsi xarici siyasətin prioritet istiqamətlərindən biri olmalıdır. Ukraynadan sonra Moldova da faktiki MDB-də iştirakını dayandırıb. Bu səbəbdən Moskva “təşkilatın gələcəyi haqqında dövrün reallıqlarına və iştirakçı dövlətlərin milli maraqlarına cavab verəcək ümumi mənzərəni” formalaşdırmağa çalışır. Putinin MDB-ni möhkəmləndirmək planı müstəqil dövlətlərin paytaxtında hansı reaksiyalar doğura bilər? Xüsusilə son dövrlər Qərb, daha dəqiqi ABŞ MDB-yə daxil olan Mərkəzi Asiya dövlətləri ilə əlaqələri möhkəmləndirmək istiqamətində ciddi çalışır. Bu yaxınlarda isə Baydenin iştirakı ilə “5+1″ formatında ABŞ-da görüş olub. Bir sözlə, Qərb Rusiyanın ”axilles dabanı”na basmağa çalışır…

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya üçün MDB məkanı həmişə aktual olub: “Bu regiona kənar müdaxilələr sirr deyil. Rusiyada isə keçmiş SSRİ-nin bərpası haqda dəfələrlə mesajlar verilib, hətta Kreml lideri sovet ittifaqının dağılmasından təəssüfləndiyini bildirib. İndi də Rusiya bu məkanı öz cazibəsində saxlamaq istəyir. Amma Moldova, Gürcüstan, Ermənistan, Ukraynanın ondan uzaqlaşması, bu bölgədə Rusiyanın təsir dairəsinin azaldılması prosesi aparılır. Ona görə zamanında Krım, Abxaziya, Cənubi Osetiya ilhaq olunub. Rusiya postsovet məkanını bu şəkildə təsir dairəsində saxlamağa çalışır”. Partiya sədrinin fikrincə, Azərbaycan müstəqil siyasət yürüdən ölkəyə çevrilib, separatizm və işğala son qoyulub: “Bu həm də Türkiyə-Rusiya tandemi nəticəsində mümkün olub. Hesab edirəm ki, Rusiya bundan sonra da MDB məkanını nəzarətində saxlamağa çalışacaq”. A.Əlizadə regionda mürəkkəb strateji mübarizə getdiyini düşünür və bu səbəbdən Rusiyanın öz təsir zonasını əldən verməməyə çalışdığını görmək olar: “Putinin Təhlükəsizlik Şurasının ilk iclasında MDB məkanı haqda danışması da məhz regiona göstərdiyi diqqətin nəticəsidir. Biz qapalı danışıqlarda nələr olduğunu, məruzədə hansı məsələlərə toxunulduğunu bilmirik, amma Moskva üçün postsovet məkanı həmişə prioritet olacaq”.