NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Paris ölkəmizlə bağlı ədalətsiz siyasətini davam etdirərsə, gərəkən addımlar atılacaq” 

Fransa Senatının üzvü Valeri Boyer Azərbaycanı Fransada sabitliyi pozmağa cəhddə, xüsusən də Yeni Kaledoniyada iğtişaşlar törətməkdə ittiham edib. Boyer Azərbaycanın aktivlərinin dondurulmasını və bu vəsaitlərin Yeni Kaledoniyada təxminən 1 milyard avroya çatan zərərin ödənilməsi üçün istifadə edilməsini istəyib.

Boyer Fransa Senatının iclasında Fransaya xarici müdaxilənin qarşısının alınmasına dair qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, Yeni Kaledoniya Fransada sabitliyi pozmağa və onun resurslarından, o cümlədən nikeldən istifadə etməyə çalışan Azərbaycan, Rusiya və Çinin təsiri fonunda zorakılığa məruz qalıb: Televiziya verilişləri göstərirdi ki, Yeni Kaledoniyada bəzi “müstəqil” fiqurlar üzərində Azərbaycan bayrağının təsviri olan köynəklər olub, Azərbaycan mediası isə nümayişçilərin Azərbaycan prezidenti İlham Əliyevin təsvirləri olan fotoşəkillərini yayıb”.

Ümumən, burada iki diqqəti cəlb edən nüans var. Birincisi, Azərbaycanın Fransaya vurduğu zərbələrin real əsasının olması. Çünki doğrudan da Azərbaycanın kolonializm məsələsini qaldırması Fransaya çox böyük zərbə olub. İkincisi, Fransanın Senat üzvləri Azərbaycana olan qisasçı münasibəti hələ də sərgiləyirlər və bundan əl çəkmək istəmirlər. Hətta Azərbaycanın vəsaitlərinə göz dikib onu müsadirə etmək istəyirlər. Ona görə də Fransanı Azərbaycanın bütün iqtisadiyyatından qovmaq lazımdır. Azərbaycanın orada nə aktivləri var ki, Fransa tərəfi bunu dondursun?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Fransa Senatının üzvü Valeri Boyerin səsləndirdiyi ittihamlar Azərbaycana qarşı aparılan böhtan kompaniyasından başqa bir şey deyil: “Belə cəfəngiyat dolu ittihamlarla Fransa rəsmiləri Yeni Koledoniya reallığını tamamilə başqa istiqamətə yönəltməyə çalışıraq, diqqəti əsas hədəfdən yayındırırlar. Azərbaycan dünyada barmaqla sayılacaq dövlətlərdəndir ki, heç bir dövlətin daxili işinə müdaxilə etmir. Biz bir dövlət olaraq vaxtilə belə müdaxilələrdən çox əziyyətlər çəkmişik. Boyerin Azərbaycanın aktivlərinin müxtəlif  bəhanələrlə dondurulması çağırışı Fransanın rahatlıqla maliyyə imkanları qazanmaq istəyidir ki, bu da çox aydın şəkildə görsənir. Nikeldən istifadə etmək  ifadəsi cəfəngiyatdır. Fransa rəsmiləri hələ də anlamağa çalışmırlar ki, Yeni Kaledoniya  mitinqlərində dalğalanan bayrağın Azərbaycanla heç bir bağlılığı yoxdur. Dünyada onlarla bayraq bir-birinə bənzəyir. Yeni Kaledoniyada dalğalanan bayraqlar kanakların illərdir azadlıq istəklərini təcəssüm etdirir və əksər hallarda Fransa bayrağı ilə birgə nümayiş olunur. Bu bayraq ümumiyyətlə Yeni Kaledoniyada fəaliyyət göstərən Müstəqillik partiyasının bayrağıdır, FLNKS -a məxsusdur. FLNKS bayrağı müvafiq olaraq mavi, qırmızı və yaşıl fonu olan üç bərabər üfüqi zolaqdan ibarətdir. Mavi rəng sahilyanı ərazilərdə yaşayan icmaları, yaşıl rəng isə dağlıq ərazilərdə yaşayan icmaları simvollaşdırır. Bayrağın ortasındakı qırmızı rəng iki icmanın ittifaqını, keçmiş nəsillərin mübarizəsini və qanınu simvolizə edir. Bütün bunların fonunda Fransanın müstəmləkəçilik siyasətini pərdələməyə çalışması göz önündədir. O ki qaldı Azərbaycanın aktivlərinin dondurulmasına, bu məsələ o qədər də inandırıcı deyil. Fransanın Azərbaycanda çox sayda şirkətləri fəaliyyət göstərir. Onlar buna gedərmi? Bunu da proqnozlaşdırmaq   hələlik çətindir.Təbii ki, fransız şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi Fransanın növbəti addımlarına bağlıdır. Paris ölkəmizlə bağlı ədalətsiz siyasətini davam etdirərsə, o zaman gərəkən addımlar atılacaq”.