NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Fransa kimi dövlətlər İrəvanın bu addımlarına əngəl olmağa çalışır”

Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Bunu Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.

“Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Minsk Qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure – hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk Qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”, – Prezident İlham Əliyev qeyd edib.

Minsk Qrupu onsuz da ölü və heç nəyə yaramayan bir təşkilatdır. O üzdən, hər iki ölkənin müraciəti qurumun formallığına son qoymaq baxımından faydalı olar.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Prezident Əliyev TÜRKPA-ya üzv olan ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Cənubi Qafqazın təhlükəsizliyilə bağlı çox ciddi mesajlar verdi: “ATƏT-in Minsk Qrupunun ləğv edilməsi məsələsi hələ illər öncə  səsləndirilsə də, hələ də bu qurumdan siyasi alət mexanizmi kimi istifadə edən bir sıra dövlətlər var. Bu təşkilat 28 il münaqişənin həlli istiqamətində heç bir əməli addım nümayiş etdirmədi. Münaqişə dövründə işğalçı Ermənistana bir dəfə də olsun hər hansı sanksiya xəbərdarlığı etmədi. Əksinə, bu və ya digər yollarla münaqişənin uzadılmasına şərait yaratmaqla məşğul idilər. Ancaq bütün bu çətinliklərə baxmayaraq, 2020-ci ildə Azərbaycan dövlətinin güclü iradəsilə Ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu. ATƏT-in Minsk Qrupunun münaqişənin həll olunmasından sonra yenidən bölgəmizə səfəri hər birimizi təəccübləndirdi. Elə o zaman da Prezident Əliyev nümayəndə heyətinə çox tutarlı cavab verərək bildirdi ki; “Artıq sizin burada fəaliyyətinizin heç bir önəmi yoxdur, gedib özünüzə  başqa iş yeri axtara bilərsiniz, münaqişəni sizin vasitəçiliyiniz olmadan Azərbaycan dövləti təkbaşına həll etdi”.

Sədr müavini hesab edir ki, onlar hələ də münaqişənin bitdiyini anlamırlar: “Qarabağ münaqişəsi artıq siyasi arenada siyasətçilərin, politoloqların leksikonunda keçmiş zamanda işlədilən terminlər siyahısındadır. Minsk Qrupunda təmsil olunan dövlətlər bilməlidirlər ki, onların bu bölgədə fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Düşünürəm ki Ermənistan dövləti də bizimlə birgə addımlar atıb Minsk Qrupunun fəaliyyətindən birdəfəlik imtina etməlidir. Ermənistan siyasi dairələri bizimlə birgə hərəkət edərək ATƏT-in Minsk Qrupunun de-yure ləğv olunması üçün gərəkli addımlar atarsa, yenə burada qazanan tərəf Ermənistan ola bilər. Məlum olduğu kimi, Ermənistanın hazırki siyasi hakimiyyəti Ermənistanın bölgədə varlığı üçün bəzi hallarda konstruktiv mövqe nümayiş etdirir. Ancaq buna qarşı olan qüvvələr indiki Paşinyan hökumətinə çox ciddi müqavimət göstərirlər. Hər birimizə aydındır ki, Fransa kimi dövlətlər Ermənistanın bu addımlarına əngəl olmağa çalışır. Nikol Paşinyan bir neçə dəfə çıxış edərək erməni cəmiyyətinə mesajlar verərək billdirib ki, xəyali Ermənistan bizi uçuruma aparır. O yaxşı başa düşür ki, bir tərəfi Orta Asiyadan başlayan, Qazaxıstandan, Özbəkistandan Cənubi Qafqazdan Anadoluya Macarıstana qədər uzanan üç yüz milyonluq türk coğrafiyasında qonşu dövlətlərə ərazi iddiaları Ermənistanın bir dövlət kimi mövcudluğuna son qoya bilər. Onu da aydın şəkildə bilirik ki, Minsk Qrupunun fəaliyyətinin Ermənistanda mövcud olmasını ən çox təhrik edən dövlət Fransadır. Münaqişə həll  olunduqdan sonra Fransa Azərbaycan dövlətinin bu uğurunu həzm edə bilmir. Ona görə də bu “kartdan” istifadə edir. Ermənistan üçün ən uğurlu variant tezliklə öz konstitusiysında dəyişiklik edərək qonşu Türkiyədən ərazi iddialarını birdəfəlik əl çəkməsi ola bilər. Paralel olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina etməklə Ermənistan Cənubi Qafqazda öz mövcudluğu qoruyub saxlaya bilər”.