NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bu addımlar onların keçmiş xarakterik xüsusiyyətləri ilə birbaşa bağlı olan məsələdir”

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanla Ermənistan arasında qarşılıqlı razılaşma əsasında nəqliyyat-kommunikasiyaya dair maddə sülh müqaviləsi layihəsindən çıxarılıb.

İndi də radikal müxalifət təmsilçiləri bunu əlində bayraq edib xaricdə yayımlanan kanallara bunu belə anladırlar ki, guya Azərbaycan Zəngəzur dəhlizindən əlini üzüb və o üzdən bu addımı atıb. Guya hakimiyyət anlayır ki, Zəngəzur dəhlizini əldə edə bilməyəcək və bu məsələdə Ermənistana Qərbdən dəstək xeyli böyükdür. Bunun fonunda Azərbaycan bu dəhlizdən ötrü hərbi əməliyyatlara başlasa, bu artıq başqa ölkənin süverenliyini pozmaq hesab ediləcək. Bu da Azərbaycanın ciddi beynəlxalq təzyiqlərə tuş gəlməsinə gətirib çıxarar. Bir sözlə, guya dəhlizdən əlini üzdüyü üçün bu addımı atıb. 

Maraqlıdır, bütün bu iddiaların, deyilənlərin hansısa əsası varmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev səslənən iddialarla razılaşmadı: “Zəngəzur dəhlizinin sülh müqaviləsi gündəliyindən çıxarılmasını kompromis və yaxud Azərbaycanın güzəşti kimi təqdim etmək kökündən yanlışdır. Azərbaycanın payına düşən kompromis budursa, bu güzəşt deyil, diplomatik manevrdir. Azərbaycan Naxçıvanla yolun açılması tələbindən heç vaxt imtina etməyib. Elçin Əmirbəyovun açıqlmasında qeyd etdiyi kimi, Naxçıvanla yolumuzun açılmasını “…ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”. İndiki dövrdə Azərbaycanın tərəfindən Ermənistana təsir etmək üçün kifayət qədər alətlər mövcuddur. Əslində bu, alət deyil, haqlı tələblərimizdir. Qarşı tərəfin irəli sürdüyü “Sülh kəsişməsi” ideyası region və dünya ölkələrinin iqtisadi-ticari maraqlarından irəli gələ biləcək kommersiya layihəsidirsə, Azərbaycanı öz eksklavı olan Naxçıvanla birləşdirəcək yolun açılması Bakının beynəlxalq hüquqa söykənən təməl haqqıdır və ölkənin coğrafi bağlantısı üçün zərurətdən irəli gəlir. Beləliklə, “Sülh kəsişməsi” və Naxçıvan yolu eyni məntiqli və bərabər hüquqi statusa malik kommunikasiyalar deyil. Naxçıvan yolu Ermənistan istəsə də, istəməsə də açılmalı dəhlizdir və biri digərini istisna etmir. Bütün kommunikasiyalar işləyə bilər və yollar nə qədər çox olsa, bu, regionun inkişafı üçün yaxşıdır. Lakin Naxçıvan yolu açılmasa, digər yollar da açılmayacaq. Bunu Ermənistanın siyasi rəhbərliyi bilməmiş deyil. Bütün bunlar məsələnin fundamental hissəsidir. O ki qaldı radikal müxalifətin təmsilçilərinin Zəngəzurun “əldən getməsi” hay-küyünə, hesab edirəm ki, bu addımlar onların keçmiş xarakterik xüsusiyyətləri ilə birbaşa bağlı olan məsələdir. Azərbaycan dövlət başçısının atdığı addımlarda “səhv tutanlar”ın  hər zaman yanıldığını xalqımız çox müşahidə edib. Təbii ki, bu dəfə də yanılacaqlar. Bu addımlar, bir daha vurğulayıram, diplomatik manevrdir. Azərbaycan  dövləti heç vaxt, heç bir dövlətin ərazisinə müdaxilə etmir və etməyəcək. Yaxın aylarda Zəngəzur dəhlizinin məhz ermənilərin təşəbbüsü ilə işə düşməsi ilə radikal müxalifəti, keçmişdə olduğu kimi, yenidən mat qoyacağını müşahidə edəcəyik”.