NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Sərhəddə ağır artilleriya vasitələrinin yerləşdirilməsi ciddi təxribat hazırlığından xəbər verir” 

Ermənistana verilən yeni silahlar müharibə ehtimalını artırır. Məsələ ondadır ki, bu il aprelin 5-də Vaşinqtonda ABŞ və Avropa İttifaqı ilə Hərbi Pakt imzalayan Ermənistan son həftələrdə Azərbaycana qarşı kifayət qədər aqressiv davranır. Bunun əsas səbəbi Ermənistana ABŞ, Hindistan, Fransa və Almaniya silahlarının ötürülməsidir.

Son məlumatlara görə, Ermənistana artıq bu silahlar çatdırılıb: 12 ədəd SEZAR özüyeriyən haubitsası, onlarla R511 və R530 “hava-hava” tipli raket, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları, 3 ədəd “Panzerfaust” tank əleyhinə kompleks, 500-ə yaxın birdəfəlik “Apilas” daşınan reaktiv qumbaraatan, 50 ədəd BGM71-TOW tank əleyhinə raket kompleksləri. Bundan başqa, Ermənistan Azərbaycanla şərti sərhəddə yeni hərbi infrastruktur yaradır, ağır artilleriya silahlarını delimitasiya və demarkasiya olunmayan ərazidə yerləşdirir.

Burada iki məsələ xüsusilə diqqəti cəlb edir. Birincisi, 4 xarici dövlət Ermənistanın silahlanmasında xüsusi fəallıq göstərir. İkincisi, Ermənistan delimitasiya olunmamış sərhəd məntəqələrinə artilleriya vasitələrini yerləşdirir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, ilk dövrlərdə belə vəziyyətin yaranacağı gözlənilmirdi: “Açığı, 2023-cü ilin payızında Azərbaycan antiterror tədbirləri əməliyyatını uğurla həyata keçirdikdən sonra belə düşünürdük ki, Ermənistan reallıqları qəbul edərək sülhə daha yaxın olacaq. Ancaq sonrakı proseslər göstərdi ki, regionda siyasi maraqları olan bir çox dövlətlər Ermənistanı öz əlində yenidən siyasi alətə çevirməklə sülh təşəbbüslərinə bəd əməllərilə ciddi şəkildə mane olmağa çalışırlar. Fransa, Hindistan, Almaniya kimi dövlətlərin yenidən Ermənistanı silahlandırmaqla bölgədə davamlı sülhün təmin olunmasını istəmədikləri artıq bir reallıqdır.Təbii ki, Ermənistana verilən silahlar müharibə risqini artırır. Silah-sursat tədarükü Ermənistanı revanşist meyllərə sürükləyə bilər. Ancaq Ermənistan rəhbərliyi birdəfəlik anlamalıdır ki, Azərbaycan dövləti ona qarşı yönəlmiş istənilən çirkin niyyətləri hər zaman dəf etməyə, düşmənə layiqli cavabını verməyə hazırdı. Bunu onların özləri də çox yaxşı bilirlər. Görünür, Ermənistan cəmiyyəti dəmir yumruğu yenidən dadmaq niyyətindədir. Çünki sərhəddə ağır artilleriya vasitələrinin yerləşdirilməsi ciddi təxribat hazırlığından xəbər verir. Təbii ki, Azərbaycan dövləti sülh üçün bütün vasitələrdən istifadə edir. Biz heç vaxt müharibə olmasını istəmirik. Sülh üçün bütün təşəbbüsləri dəstəkləyirik. Ancaq Ermənistanın qızışdııcı addımlarna biganə qala bilmərik. Necə deyərlər, “Sülh istəyirsənsə müharibəyə hazır ol” tezisi dövlətimizin əsas atributudur. Beləliklə, xarici himayədarlarının təsiri altında revanşizmə meyllənən Ermənistan sülh gündəliyinə süni maneələr yaratmağa, danışıqları faktiki olaraq sabotaj etməyə və sülh addımını uzatmağa çalışır. Paşinyan hakimiyyətinin bu siyasətini davam etdirməsi nəinki Ermənistanı əbədi dalanda saxlayacaq, həm də onun artıq təsirindən çıxmağa başladığı dəmir yumruğun zərbəsini yenidən almasına səbəb ola bilər”.