Arzuxan Əlizadə: “Ola bilsin, siyasi səbəblərə görə Rusiya bununla bağlı öhdəliyini yerinə yetirmək istəmir”
Rusiyada mövcud və tikilməkdə olanlardan əlavə 11 yeni iri və kiçik atom elektrik stansiyasının tikintisi nəzərdə tutulur. “2042-ci ilə qədər elektrik enerjisi sənayesi obyektlərinin yerləşdirilməsinin baş sxemi” adlı layihə ictimai müzakirəyə çıxarılıb.
Layihəyə əlavədə deyilir ki, 2036-cı ilə qədər Rostov, Sverdlovsk, Çelyabinsk, Tomsk vilayətlərində, Primorsk, Krasnoyarsk və Xabarovsk ərazilərində, Çukotka Muxtar Dairəsində, Saxa Respublikasında (Yakutiya) yeni atom elektrik stansiyaları tikiləcək və s.
O da məlumdur ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 32-ci maddəsində deyilir ki, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Ancaq maraqlıdır ki, 2 il keçməsinə baxmayaraq, nüvədən dinc məqsədlər üçün istifadə olunması sahəsində əməkdaşlığın hələ əsasları qoyulmayıb. O baxımdan bu, yaxşı əlamət deyil. Əgər Putinin budəfəki Bakı səfərində hər iki dövlət başçısı imzalanan Bəyannamənin uğurla icra edildiyini deyirsə, o zaman bütün maddələr icra olunmalıdır. Ancaq hələ də maddələrin hamısı icra olunmayıb. O cümlədən, 32-ci maddə yerində durur. O üzdən, birincisi, Rusiya özündə 11 AES tikir. İkincisi, Ermənistan Metsamor AES-in Rusiya tərəfindən modernləşdirilməsi razılaşmasından imtina edir. Bu işi ABŞ və Fransaya həvalə etmək istəyir. Erməni tərəfi istəyir ki, reaktorlardan birini Fransa, digərini ABŞ yenidən qursun. Yəni Rusiya bu cəhətdən də azaddı və buyurub gəlsin Azərbaycanda tiksin. Çünki ölkəmizin də buna ehtiyacı var. Bölgədə bütün ölkələr nüvədən dinc məqsədlər üçün istifadə edir. İran, Ermənistan, Rusiya edir, o zaman Azərbaycan niyə etməsin? Niyə bizim belə bir imkanımız olmasın? O baxımdan 2022-ci ildə iki ölkə arasında əldə olunan Bəyannaməyə əsasən nüvə enerjisindən dinc istifadə ilə bağlı məqsədli layihələr olmalıdır.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahədə işlərin yubanmasının bir neçə səbəbi ola bilər: “Ola bilsin ki, hansısa siyasi səbəblərə görə Rusiya bununla bağlı öhdəliyini yerinə yetirmək istəmir. Biz nəzərə almalıyıq ki, Rusiya ilə Azərbaycan arasında nə qədər yaxşı münasibətlər olsa da, orda hələ də müəyyən dairələr iki ölkə əlaqələrinə şübhə ilə yanaşır. İstəmirlər ki, ölkəmizdə nüvə enerjisi və digər vacib sahələr inkişaf etsin. Maraqlı deyillər ki, nüvə enerjisindən Azərbaycan dinc məqsədlər üçün istifadə etsin. Görünür hesab edirlər ki, Azərbaycanın zəngin karbohidrogen, “yaşıl enerji” yataqları olduğu üçün buna hələ zəruri ehtiyac yoxdur. Halbuki, bu layihənin həyata keçirilməsi həm də Rusiyanın iqtisadi maraqlarına cavab verir. Başqa bir tərəfdən, müqavilədə belə bir bənd olsa da Azərbaycan tərəfinin yaxın perspektivdə AES tikintisində nə dərəcədə qərarlı olduğu bizə məlum deyil. Hesab edirəm ki, bunu da nəzərə almalıyıq. Bir sözlə, Azərbaycan 32 bəndlə bağlı səylərini artırmalıdır. Madam ki, razılaşmada belə bir bənd öz əksini tapıb, o zaman gərəkən addımlar atılmalıdır”.