“Hər kəs məni yaxşı tanıyır” – Rəşad Bayramov Naxçıvandakı seçki prosesindən danışdı
Məlum olduğu kimi, 1 sentyabr tarixində Azərbaycan Milli Məclisinə seçkilərlə yanaşı həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçiriləcək. 45 yer uğrunda seçki yarışında 187 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərdən biri də AMİP Ali Məclisinin sədri Rəşad Bayramovdur.
Moderator.az Naxçıvan Ali Məclisinə seçkilər, gözlənilən seçici fəallığı və ümumiyyətlə seçki prosesinin gedişi ilə bağlı onun fikirlərini öyrənib.
– Rəşad bəy, Naxçıvanda seçki prosesi necə gedir və vətəndaşların seçkilərə münasibəti hansı səviyyədədir?
– Naxçıvan Ali Məclisinə seçkilər “Naxçıvan MR Ali Məclisinə seçkiər haqqında” Naxçıvan MR Qanunu ilə tənzimlənir və Qanuna görə Muxtar Respublikanın ərazisi 45 dairəyə bölünüb. Hər dairədə orta hesabla 5000 seçici var. Mənim namizədliyimin qeydə alındığı 30 saylı seçki dairəsi 5227 seçicini əhatə edir. İstər imzatoplama kampaniyası dövründə, istərsə də təbliğat dövründə məhəlli görüşlər, qapı-qapı kampaniyası çərçivəsində aparılan görüşlər onu göstərdi ki, seçki dairəsinin ərazisində olan seçicilərin ən yaxşı halda 45-50%-i Naxçıvan ərazisində yaşayır. Bunu Naxçıvanda olan və ya Naxçıvanla əlaqəsi olan istənilən şəxs təsdiqləyə bilər. Mən istənilən dövlət qurumu təmsilçiləri ilə də qapı-qapı gəzərək bu iddiamı sübut etməyə hazıram. Təəssüf ki, işsizlik səbəbilə Naxçıvanı tərk edən insanların sayı kifayət qədər çoxdur.
– Təmsil etdiyiniz seçki dairəsi ilə bağlı proqnozlarınız necədir?
– 30 saylı seçki dairəsi ərazisində qeydə alınmış namizədlərin sayı 5 nəfərdir. Dairə ərazisində cəmi 5 seçki mətəqəsi var ki, onlardan da 3-ü yaşadığım ərazidə, yəni dünyaya gəldiyim, təhsil aldığım, qohumların, dostların, yaxınların yaşağıdığı ərazini əhatə edir. Mən bu ərazidə demək olar ki, hər kəsi və hər kəs də məni kifayət qədər yaxşı tanıyırıq. Odur ki, dairə ərazisində olan və hal-hazırda Naxçıvanda olan seçicilərin əksəriyyətini seçki məntəqələrinə gətirə biləcəyimə əminəm. Namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş YAP namizədi isə bu seçkidə ən yaxşı halda üçüncü ola bilər. Bunu namizədlərin seçki təbliğatı dövründəki görüşləri və həmin görüşlərə qatılan insanların sayı da sübut edir. Mənim təbliğat dövründə görüşlərimlə bağlı istər mətbuatda, istərsə də sosial şəbəkələrdə çoxlu məlumatlar var. Maraqlanan hər kəs Naxçıvan şəhər 30 saylı seçki dairəsi ərazisində namizədlərlə keçirilən görüşlərin müqayisəsini apara bilər.