NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazın açar dövlətidir” 

“İlham Əliyev kimi lideri olan düşmənə həsəd aparmağa başlayıram. Onun son uğurlarından biri ABŞ-ı (ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə) məcbur etməkdir ki, “Birləşmiş Ştatlar İrəvana öldürücü silahları nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə çatdırıb” bəyanatını versin. Və Ağ Ev bunu əsaslandırmağa çalışıb: 

“Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olmaq Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir”. Amerika bu fikirləri ona görə səsləndirib ki, Azərbaycan mediası Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın üçüncü dövlətlər vasitəsilə İrəvana ölümcül silahlar göndərdiyini yazıb”.

Bunu “hraparak.am” saytında Vaxtanq Siradeqyan yazıb.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycanın siyasi gedişinə cavab verməsi onu göstərir ki, Fransanın timsalında regionda sabitlik və Ermənistanla Azərbaycan arasında sabit sülhə nail olmaq birinci dərəcəli əhəmiyyət kəsb etmir, çünki bunu etsəydi, o zaman Fransa ABŞ-dan nümunə götürərək İrəvanı “nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə” öldürücü silahlarla təmin etməzdi: “Fransa isə bu cür silahların tədarükü üçün Ermənistanla müqavilə imzaladı və tədarük etdi. Bu o deməkdir ki, Minsk Qrupunun üzvü olan Fransanın münaqişə tərəflərindən birinə qərəzli münasibət bəslədiyi üçün bölgədə yeri ola bilməz. Və bu baxımdan, bu qrupun uzun müddət fəaliyyət göstərməməsi vacib deyil. Ən əsası onun formal olaraq ləğv edilməsidir ki, bunun üçün Azərbaycan ilkin şərtlər irəli sürür. Xatırlayaq ki, İlham Əliyev bir neçə dəfə Nikola qrupun artıq fəaliyyət göstərmədiyini rəsmən səsləndirməyi təklif edib, Nikol isə hələ də susur”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bu, düşmən tərəfin ciddi etirafıdır: “Bununla etiraf edirlər ki, Prezident Əliyev böyük liderdir. Ermənistanda kiçik bir düşərgəni əhatə edən rasional düşüncəyə malik siyasətçilər yaxşı anlayırlar ki, bu dövlətin silahlanması bölgənin təhlükəsizliyinə böyük təhdid yaradır. Axı Ermənistan nəyə görə silahlanmalıdır? Bu addımlara ehtiyac varmı? Bütün bu sualların çox sadə bir cavabı var: bəli, Ermənistan tərəfi silahlanmanın, revanşist cəhdlərinin onlar üçün nə qədər təhlükəlü olduğunu anlasa da, bir çox dövlətlər, öndə Fransa olmaqla, Ermənistanı əlində alət etməklə Cənubi Qafqazda mövcudluğunu qorumaq cəhdlərini həyata keçirməyi planlayır. Bu dövlətlər üçün Ermənistan sadəcə vasitədir. Onlar üçün erməni cəmiyyətinin firavan yaşaması heç vaxt prioritet sayılmayıb. Məhz bu baxımdan erməni cəmiyyəti yaxşı düşünməlidir. Bu bölgənin inkişafı silahlanma ilə deyil, iqtisadi, nəqliyyat, kommunikasiya əlaqələrinin açılması, inkişaf etdirilməsilə birbaşa bağlı olan məsələdir.Vaxtanq Siradeqyan bu baxımdan Fransanın iç üzünü çox aydın şəkildə təsvir edə bilib. ABŞ rəsmilərinin son günlər Azərbaycanla bağlı açıqlamaları onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətləri iqtisadi, siyasi, strateji əməkdaşlığa əsaslanan möhkəm tellər əsasında qurulub. O baxımdan daim bu münasibətlər inkişaf etdirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazın açar dövlətidir. Fransa kimi riyakar siyasət yürüdən dövlətlər Azərbaycan dövlətinin siyasi iradəsinə heç bir təsir göstərmək gücündə deyillər”.