İranla münasibətlər yenidən kəskinləşə bilər: Qonşumuz Ermənistana görə niyə özünü “yandırır”?
“Azərbaycan dövləti hər zaman İranla dostluq, qonşuluq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin formalaşmasında maraqlı olub və yürüdülən siyasət də bu istiqamətdə davam edib. Amma təəssüflər olsun ki, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran tərəfi ilk dövrlərdə və ondan sonra bir müddət ərzində Azərbaycan dövlətinə hətta Bakı Cümhuriyyəti deyə müraciət etməyi üstün biliblər. Azərbaycan əraziləri 30 ilə yaxın işğalda olduğu dövrlərdə Azərbaycana yardım etməməkləri bir tərəfə, işğalçı tərəfə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən dəstək olublar. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri hər dəfə bu ifadələri işlədirlər ki, 30 il ərazində İranın dəstəyi olmasaydı, Ermənistan ayaq üstə qala bilməzdi. Çünki, Ermənistan yürütdüyü işğalçılıq siyasəti sayəsində, özünü faktiki olaraq blokada şəraitinə salmışdı və bu dövrdə xüsusuilə İranın verdiyi dəstək sayəsində Ermənistan iqtisadiyyatını bu və ya digər formada stabil saxlamaq mümkün olub. Bunu Ermənistan rəsmləri özləri etiraf edirlər”.
Bu sözləri “Sitat.info”ya açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib.
O bildirib ki, xüsusilə Qarabağ savaşından sonra, Azərbaycan işğal altında qalan torpaqlarını azad edəndən sonra yenə də İran Azərbaycana və Ermənistana olan münasibətində heç bir dəyişiklik etmədi: “Əksinə müharibə dönəmində də, ondan sonrakı dönəmdə də İran maşınlarının müxtəlif ərzaq məhsulları, eləcə də silah-sursat daşımasının şahidi olduq.
Yaddan çıxarmaq lazım deyil ki, Qarabağ savaşından sonra Qarabağdakı separatçılara İran hərbçiləri tərəfindən təlimlər keçirilirdi. Bu təlimlər bizim ərazimizdə baş verirdi. 300-dən artıq İran hərbçisinin Azərbaycan ərazisində hərbi təlim keçdiyi heç vaxt yaddan çıxmamalıdır.
Eləcə də Tehranda Azərbaycan səfirliyinə terror hücumu, ondan sonrakı dönəmdə Tehranın Ermənistanla arasındakı sərhədi özünün qırmızı cizgisi elan etməsi, bu ölkənin Azərbaycana qarşı düşmən siyasətini faktiki olaraq bariz surətdə ortaya qoyub. Bütün bunlara baxmayaraq, biz yenə də İranla qarşılıqlı münasibətlərin, ən azından bərabərhüquqlu qonşuluq, dostluq münasibətlərinin davam etməsində maraqlı olduğumuzu əməlimizlə sübut etmişik”.
Millət vəkili bildirib ki, son zamanlar iki ölkə arasında yumşalmalar olsa da, İran yenidən bu münasibətləri korlamağa çalışır: “Son dövrlərdə bir qədər yumşalma var, amma indi də İran Zəngəzur məsələsi üzərindən Azərbaycana yönəlik siyasətinin dəyişmədiyini bir daha sübut etmiş olur. Zəngəzur dəhlizinin açılmasına qarşı olan İran rəsmləri dəfələrlə bunu bəyan etməklə yanaşı, eyni zamanda əməli addım atmaqdan da çəkinmirlər. Qarşı tərəf yenə silahlandırılır, eyni zamanda siyasi dəstək də verilir.
İranın Ermənistanda olan səfiri tərəfindən, eləcə də İranın bir sıra rəsmiləri tərəfindən Zəngəzur dəhlizi ilə bağlı və bütövlükdə bir qədər də qabağa gedərək, Qarabağdan gedən ermənilərin yenidən Azərbaycan ərazisində məskunlaşdırılması ilə bağlı, faktiki düşmən mövqedən çıxışlar bu gün də davam etməkdədir. Güman etmirəm ki, bu mövqe dəyişilmiş olsun”.
A.Əlizadə bildirib ki, İran Azərbaycanla açıq müstəvidə münasibətlərin gərginləşməsinə doğru addım atacaqsa, təbii ki, bu İranın öz içərisində ciddi təlatümlərə səbəb ola bilər: “Sadəcə olaraq Azərbaycan gücləndikcə İran tərəfi addımlarını bir qədər geriyə atmağa məcbur olur. Amma bu heç də Azərbaycanla normal dostluq münasibətlərinin formalaşmasına yönəlik addımlar deyil. Azərbaycanın regionda güclənməsi, qardaş Türkiyə ilə tandemdə artıq regionun söz və güc sahibinə çevrilməsi, birgə fəaliyyət, ortaya qoyulan siyasi iradə, İran tərəfini geriyə addım atmağa məcbur edir. İran həm də onun fərqindədir və fərqində də olmalıdır ki, İran adlanan dövlətin ərazisində 40 milyondan artıq Azərbaycan türkü yaşayır. Ona görə də İran Azərbaycanla açıq müstəvidə münasibətlərin gərginləşməsinə doğru atacaqsa, təbii ki, İranın öz içərisində ciddi təlatümlərə səbəb ola bilər. Heaab edirəm ki, İran rəsmləri bunun da fərqindədirlər. Yenə də istənilən halda qonşularımızla, istər şimal, istərsə də cənub qonşumuz olsun, hər qonşu ilə münasibətin normal olmasında və qarşılıqlı əməkdaşlıqda maraqlıyıq”.