NIPA-30

Ərdoğanla Paşinyanın hər görüşündən sonra Ermənistan bir addım geri çəkilir- ŞƏRH

Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.  Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib.

R.T.Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib. Prezident Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.(apa)

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə Musavat.com-a bildirdi ki, Türkiyə prezidenti növbəti dəfə regional münasibətlərin normallaşması üçün əsas şərtləri Nikol Paşinyanın diqqətinə çatdırıb:

“Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də gözlənilir. İstənilən halda qardaş Türkiyə Cümhuriyyəti Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Ermənistanla sərhədləri bağlamışdı. Türkiyə Ermənistanla münasibətlərin normallaşması, sərhədlərin açılması üçün əsas şərt kimi Azərbaycan ərazilərinin işğaldan azad edilməsini irəli sürmüşdü. İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə də Türkiyə hər zaman Azərbaycanın yanında olub, siyasi və mənəvi dəstək göstərib. Türkiyə prezidenti və digər rəsmilər Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanla münasibətlərin normallaşmalı olduğunu qeyd ediblər. Bu kontekstdən yanaşdıqda Türkiyə prezidentinin Ermənistanın baş naziri ilə görüşməsi növbəti dəfə Azərbaycanın haqlı mövqeyinin Nikol Paşinyanın diqqətinə çatdırılması anlamına gələ bilər. Türkiyə Azərbaycanın yanında olmaqla yanaşı, heç bir halda fərqli addım atmayıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı haqlı tələbi var. Bu tələb həm Azərbaycana, həm də Türkiyəyə qarşı konstitusion çərçivədə Ermənistanın iddialarından geri çəkilməsini, Ermənistan Konstitusiyasının dəyişilməsini ehtiva edir. Ermənistan konstitusiyasını dəyişmədən, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədən dövlətlər arasında münasibətlərin normallaşması gözlənilmir. Hər dəfə bu müstəvidə görüşlərdən sonra Ermənistan hakimiyyətinin bir addım geri çəkildiyini müşahidə etmişik. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında, iqtisadi əlaqələrin bərpa olunmasında maraqlıdır. Bunun üçün Ermənistan Türkiyə və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan şərtlərini qəbul etməlidir. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan növbəti dəfə bu məqamları Nikol Paşinyanın diqqətinə çatdırıb”.

A.Əlizadə hesab edir ki, Qərb dövlətləri, eləcə də ABŞ Ermənistanla Türkiyənin yaxınlaşmasını istəyir:

“Xatırlatmaq yerinə düşər ki, Qərbin istəyi və tələbi ilə Sürix protokolları imzalanmışdı, lakin nəticəsiz yekunlaşdı, çünki o zaman Azərbaycan torpaqları işğal altında idi, Türkiyəyə qarşı ərazi iddiaları var idi. İndiki mərhələdə Ermənistana dəstək verən bir sıra güclər Ermənistan-Türkiyə münasibətlərinin heç bir şərt olmadan yaxşılaşmasını istəyirlər, amma bu məsələdə Türkiyə-Azərbaycan birgəliyi amili göz önündədir. Ermənistan ərazi iddialarında əl çəkmədiyi müddətdə münasibətlərin lazımi səviyyədə qurulması mümkün deyil. Bunu həm Ermənistan rəhbərliyi, həm də onlara havadarlıq edənlər birmənalı olaraq qəbul etməli və başa düşməlidirlər”.