NIPA-30

Arzuxan Əlizadə: “Ermənistan üçün öhdəlikləri pozmaq və bundan yayınmaq adi bir şeydir”

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Paraqa razılaşmasının nəyə görə pozulması ilə bağlı məqamlara aydınlıq gətirib: 

“Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, – bəli, biz də razılıq vermişdik, – Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, deməli, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı. Nə göstərmək istəyirdilər bizə?! Bu nə demonstrasiyadır, nə ucuz şoudur?!”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Ermənistan Aİ missiyası arxasında gizlənərək nəyəsə ümid edirdi: “Əvvəla, ermənilər tarixən böyük dövlətlərə sığınaraq nəyəsə nail olublar. Rusiya imperiyası hesabına tarixi torpaqlarımızda məskunlaşdılar. Daha sonra bizə məxsus olan ərazilərdə yoxdan Ermənistan dövlətini qurublar. İkinci Qarabağ müharibəsində Ermənistan məğlub olduğu üçün müxtəlif variantlara əl atmağa başladı. Paşinyan hakimiyyəti Qərbə yaxın olduğu üçün Avropa İittifaqı müşahidə missiyasını ölkəyə gətirdi. Aİ missiyasının Azərbaycan ərazisinə də yerləşmək fikri vardı, amma doğru olaraq rəsmi Bakı buna razılıq vermədi. Çünki onların məqsədi müşahidə aparmaq yox, regionla bağlı kəşfiyyat məlumatları toplamaq idi. Ona görə də Azərbaycan əvvəldən buna qarşı idi. Bəli, Aİ missiyası qısa müddətdə Ermənistanda fəaliyyət göstərməli idi. Ancaq onlar missiyanın fəaliyyətini 2 il uzatdılar. Bu ilin sonu onların müddəti bitir. Lakin istisna deyil ki, həmin müddət yenidən uzadılacaq. Çünki məqsəd regionda gərginliyi saxlamaq və Ermənistandan maşa kimi istifadə etməkdir. Özü də təkcə Azərbaycana qarşı yox, eyni zamanda Rusiya və İrana qarşı təzyiq aləti kimi istifadə etmək. Ona görə də Ermənistan üçün öhdəlikləri pozmaq və bundan yayınmaq adi bir şeydir”.