NIPA-30

“Milli Məclisdə Etibar Məmmədovun təcrübəsindən faydalanacağam” –MÜSAHİBƏ  

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin Azpost.info-ya verdiyi müsahibəsini təqdim edirik:

İlk dəfədir ki, millət vəkili olan A.Əlizadə ilkin təəssüratlarını, AMİP-in parlament fəaliyyətini necə quracağı, hansı təkliflərlə çıxış edəcəyi və digər məsələlər barədə danışıb:

Yeddinci çağırış Milli Məclisin ilk iclası barədə təəssüratlarınız nədir, sizin üçün toplantı nə ilə yadda qaldı?

-Təəssüratlarım normaldır. Prezident İlham Əliyev çıxış etdi, deputatları təbrik etdi və mesajlar verdi. Ölkə başçısının bir saatlıq çıxışında əsasən də beynəlxalq aləmə ciddi mesajlar ünvanlandı. Daha sonra Milli Məclisin daxili Nizamnaməsinə əsasən, rəhbərlik, müavinlər, komitə sədrləri, onların müavinləri formalaşdırıldı. Əslində bu toplantıya ilk iclas deməmək də olar. Çünki yalnız vəzifə bölgüsü həyata keçirildi, təşkilati məsələlər həll edildi və iclasın əhəmiyyətli hissəsi Prezidentin çıxışı idi.

-İlk dəfə deputat olmağınıza baxmayaraq, komitə sədrinin müavini seçildiniz. Sizin üçün bu, gözlənilməz olmadı ki?

-AMİP olaraq, hələ 2019-cu ildə təkliflər paketi hazırlamışdıq və Milli Məclisə, Prezident Adminstrasiyasına təqdim etmişdik. Bu, 13-14 siyasi partiyanın dəstəklədiyi bir sənəd idi. Ondan sonra da məsələnin üzərində dəfələrlə dayanmışdıq ki, Milli Məclisdə azlıqda olan partiyalar parlament rəhbərliyində təmsil olunsunlar. Ötən çağırış – altıncı çağırış Milli Məclisdə ilk dəfə olaraq azlıqda olan partiyaların nümayəndələrindən Milli Məclis sədrinin müavini də seçildi, komitə sədrlərinin müavinləri seçilənlər də oldu. Demək istəyirəm ki, əvvəlki çağırış parlamentdə artıq presedent yaranmışdı. Ona görə də mənim komitə sədrinin müavini seçilməyim sürpriz olmadı, təxmini gözlənilən idi. Təbii ki, mənə bu vəzifə təklif olundu, qəbul etdim.

-Uzun illər idi AMİP Milli Məclisdə təmsil olunmurdu. Artıq sizin mandat almanızla AMİP parlament partiyası statusu aldı. Partiya olaraq Milli Məclis fəaliyyətini necə quracaqsınız?

-Əslində partiyamızın müxtəlif sahələr üzrə strukturları var. AMİP ölkədə fəaliyyət göstərən köklü partiyadır, ilk qeydiyyatdan keçmiş siyasi təşkilatdır. AMİP-in parlament təcrübəsi var. Uzun illər Milli Məclisdə təmsil olunmamağımıza baxmayaraq, strukturlarımız fəaliyyətdədir. Hansı ki, həmin strukturlarda müxtəlif sahələrin mütəxəssisləri var, onlar araşdırmalarını aparırlar. Zaman-zaman proqramımızı ictimaiyyətə də, dövlətin ayrı-ayrı orqanlarına da təqdim etmişik, ideyalarımızla çıxış etmişik. Təbii ki, parlament partiyası statusu məsuliyyətimizi bir qədər də artırmış oldu. Çalışacağıq ki, təkliflərimizi, ideyalarımızı daha da təkmilləşdirək, qanunlar hazırlayaq, onları Milli Məclisə daşıyaq. Yəni parlament partiyasından nələr tələb olunursa, fəaliyyətimiz o istiqamətdə davam edəcək. Parlament partiyasına verilən əlavə səlahiyyətlərdən maksimum istifadə edəcəyik.

-Bir partiya sədri və deputat olaraq Milli Məclisdə əsasən hansı məsələləri gündəmə gətirmək niyyətindəsiniz?

-Cəmiyyəti narahat edən bir çox məsələlər var, problemlər çoxdur. Təbii ki, bu məsələlərlə bağlı təkliflərimiz olacaq. Parlament tribunasına daşınmalı olan məsələlərlə bağlı partiya daxilində də fikirlər var. Onların hamısı ümumiləşdiriləcək, Milli Məclisdə qaldırılacaq. Bəri başdan pafoslu danışmaq istəmirəm, ümumiyyətlə, pafos bizim işimiz deyil. Çalışacağıq ki, seçicilərimizin, insanlarımızın problemlərini gündəmə gətirək, insanlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edən, dövlətimizin güclənməsinə töhfə verən qanunların qəbulunda iştirak edək. Ölkənin idarəetməsi ilə bağlı, parlament idarəçiliyi ilə bağlı, insanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı AMİP-in ideyaları var. Həmin ideyaların parlamentə daşınmasına deputat mandatı yardımçı olacaq.

-Adətən azlıqda olan partiyaların təklif etdiyi qanun layihələri, təklifləri səs azlığı, yaxud müəyyən səbəbdən qəbul olunmur. Siz təkliflərinizin qəbuluna inanırsınızmı?

-Ən azından, gözləntilərimiz var. Mövcud reallıqlar çərçivəsində çalışacağıq ki, təkliflərimiz müsbət dəyərləndirilsin. Ən azından fəaliyyətimiz bu istiqamətdə olacaq. Təşəbbüslərimiz nə qədər effektiv olacaq, onu zaman göstərəcək.

-Belə fikirlər var ki, bir deputatla təmsil olunan partiyaların Milli Məclisə təklif verməsinin mənası yoxdur, onsuz da qəbul edilməyəcək. Bu fikirlə razısınızmı?

-Əlbəttə, razı deyiləm. Partiyanın bir mandatı varsa, bu o demək deyil ki, təklif verməməliyik, çünki səs çoxluğumuz yoxdur, effektiv olmayacaq. Hər bir deputat üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmalıdır. Partiyanı deputat olaraq Milli Məclisdə təmsil edirsənsə, əksinə, daha çox təşəbbüs göstərməlisən. Biz də üzərimizə düşəni yerinə yetirməyə çalışacağıq, təkliflərimizi səsləndirəcəm. Bu təkliflərə reaksiya nə qədər müsbət olacaq, reallıqlarla nə dərəcədə uzlaşacaq, gözləntilərimiz nə dərəcədə doğrulacaq, bunlar barədə bir müddət keçdikdən sonra dəyərləndirmə aparmaq mümkündür. Şəffaf fəaliyyət göstərəcəyik, AMİP-in parlament fəaliyyəti göz qabağında olacaq. Ondan sonra qiymət vermək daha yaxşı olardı.

-Parlamentdəki azlıqda olan digər siyasi partiyalarla koordinasiyalı formada fəaliyyətiniz nəzərdə tutulubmu? Məsələn, birlikdə layihələr hazırlayıb təqdim etmək hər halda mümkündür…

-AMİP olaraq hər zaman dövlət əhəmiyyətli məsələlərlə bağlı siyasi partiyaların fəaliyyətlərini uzlaşdırmağın tərəfdarı olmuşuq. Hətta 2019-cu ildə bir təşəbbüslə çıxış etdik, ölkədəki bütün siyasi partiyalarla – radikal adlandırılan təşkilatlardan tutmuş, hakim Yeni Azərbaycan Partiyası nümayəndələri ilə görüşdük, təkliflərimizi verdik. Təkliflər isə bundan ibarət idi ki, mövqeyindən asılı olmayaraq, siyasi partiyalar uzlaşa bildikləri məsələlərdə birgə mövqe ortaya qoysunlar. Məqsəd ölkədəki siyasi, iqtisadi, sosial problemlərin həlli ilə bağlı təkliflərin birləşdirilməsi, bir sənəd halında hökumətə təqdim etmək idi. Təəssüf ki, müxtəlif səbəblərdən partiyaların bir çoxu bu təşəbbüsümüzə müsbət reaksiya vermədilər. Mən o səbəbləri, təşəbbüsə qoşulmayan təşkilatların adlarını sadalamaq istəmirəm. Münasibətlər ən azından olduğu kimi qalsın. Amma 14 siyasi partiya ilə həmin vaxt təkliflər paketi hazırladıq, təqdim etdik. Bunun müsbət nəticələri də oldu. Hesab edirəm ki, parlamentdə təmsil olunan partiyaların deputatları ilə, eləcə də bitərəf deputatlarla müzakirələr aparmağa, hansısa məsələlərlə bağlı yekdil mövqe ortaya qoymağa çalışacağıq. Hər halda, bu təşəbbüsümüz olacaq.

AMİP istəyərdi ki, Milli Məclisdə fraksiya olsun, məsələləri fraksiya adından gündəmə gətirək. Amma məlumdur ki, fraksiya yaranması üçün 25 deputat lazımdır ki, bizim parlamentdə bunu yaratmaq mümkün deyil. İstənilən halda, cəhd göstərəcəyik ki, parlament partiyaları ilə koordinasiya edək, konstruktiv fəaliyyət göstərək. Bu halda müsbət nəticələr əldə etmək olar.

-AMİP seçkilərdə iştirak qərarı verəndə,daha sonra mandat əldə etdikdən sonra partiyanın fəxri lideri Etibar Məmmədovla görüşünüz, müzakirəniz, fikir mübadiləniz oldumu?

– Etibar bəy partiyanın idarəetməsi ilə bağlı məsələlərə heç vaxt müdaxilə etməyib, indi də etmir. Amma zaman-zaman hansısa məsələlərlə bağlı məsləhətləşmə ehtiyacı yaranır. Bu vaxt da məsləhətləşmələrimiz təbii ki, olur.

Seçki kampaniyası dövründə Etibar bəy ölkədə deyildi. Amma təmaslarımız oldu, prosesdə uğurlar arzuladı. Seçkidən sonra da təbriklərini çatdırdı. Əlbəttə, Etibar bəy siyasi xadimdir, təcrübəli siyasətçidir. Eyni zamanda, parlament təcrübəsinə malik şəxsiyyətdir. Həm Etibar bəylə, həm də parlament təcrübəsi olan şəxslərlə təmasda olmaq, tövsiyələrini dinləmək ancaq xeyir verə bilər. Bundan sonra da Etibar bəylə müzakirələrimiz, fikir mübadiləmiz olacaq, təcrübələrindən faydalanacağıq.

-Yeni çağırış Milli Məclisin ilk iclasında Prezident ölkənin qarşısında duran vəzifələri bəyan etdi. Həmin çıxış Milli Məclisin qarşısında hansı çağırışlar olduğunu ortaya qoyur?

-Parlamentin fəaliyyəti əslində qanunvericilik yaratmaqdır. Eyni zamanda, parlament nəzarət funksiyasını da yerinə yetirir.  Bununla yanaşı, deputatlar həm də seçiciləri qarşısında cavabdehdirlər. Hesab edirəm ki, bu məsələlər hər bir Milli Məclis üzvünün diqqətində olmalıdır.

Həmçinin məlumdur ki, Azərbaycana beynəlxalq təzyiqlər var, ölkəmizə ikili standartlarla yanaşmalar var. Torpaqlarımızın işğalda olduğu dövrdə səsimizi eşidən, haqqımıza səs verənlər yox idi, olan da çox az idi. İkinci Qarabağ müharibəsindən, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycana qarşı təzyiqlər daha da artdı və bu basqı davam edir. Bu gün dost olmayan ölkələr tərəfindən açıq şəkildə düşmənçilik edildiyinin şahidiyik. Xaricdən ölkəmizə təhdidlər kifayət qədər artıb. İşğalçı, sülhə gəlməyən Ermənistana dəstək verməklə Cənubi Qafqaza gəlmək istəyən güclər var ki, onlar Azərbaycanın haqlı dirənişinə qarşıdırlar, ölkəmizin müqavimətini qırmaq istəyirlər. Hesab edirəm ki, Milli Məclisin də fəaliyyəti həm də bu təzyiqlərə qarşı dayanmaqdan ibarət olmalıdır. Deputatlar seçicilərinin problemlərini qaldırmaqla, qanun layihələri hazırlamaqla yanaşı, Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi istiqamətində işlər görməlidirlər. Hazırda elə də sadə dövr deyil, regionda mürəkkəb proseslər gedir, qarşıdurmalar var. Prezident İlham Əliyevin Milli Məclisdə çıxışında bir daha aydın oldu ki, hər kəs əlini daşın altına qoymalı, ölkəmizi qorumaq, onun maraqlarını müdafiə etmək üçün var gücü ilə çalışmalıdır. Hesab edirəm ki, Milli Məclis bu istiqamətdə səmərəli fəaliyyət göstərəcək.