Arzuxan Əlizadə: “Ermənistanı ikitərəfli danışıqlar formatına Azərbaycan məcbur etdi”
“Əgər “3+3”ün Azərbaycanla Ermənistan arasında danışıqlar üçün platformaya çevrilməsi təklif olunarsa, İrəvan bunu rədd edəcək”. Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, hazırda İrəvana belə bir təklifin təqdim edilmədiyini bildirib: “Ermənistan “3+3”ün danışıqlar platforması olmasını məqsədəuyğun hesab etmir. Bizim Bakı ilə ikitərəfli formatımız var. Azərbaycanla bütün istiqamətlərdə – həm sərhədlərin liberallaşdırılması, həm sülh müqaviləsi, həm də münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparılır”.
Burada diqqəti çəkən məqam odur ki, bənzər yanaşmanı Qərbin vasitəçilik təşəbbüsünə münasibətdə Ermənistan rəsmi səviyyədə açıq bəyan etmir. Bundan başqa, Ermənistan ikitərəfli danışıqlara bu dərəcədə önəm verirsə, o zaman Minsk Qrupundan niyə imtina etmir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Ermənistanı ikitərəfli danışıqlar formatına Azərbaycan məcbur etdi: “Ermənistandan olsaydı, onlar vasitəçilərin iştirakı ilə danışıqlara önəm verərdilər. Çünki bu, onlara sərf edirdi. Məsələ ondadır ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə 30 ilə yaxın keçirilən danışıqlarda həmsədrlər (Rusiya, ABŞ, Fransa) ermənilərin maraqlarına oynayırdılar. Çünki həmsədrlər Ermənistanı Qarabağın Azərbaycan daxilində olması ilə barışmağa məcbur etmirdilər. Məhz bu səbəblərdən Ermənistan vasitəçilərdən bu qədər bərk yapışmışdı. Ancaq 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz illərlə mövcud olan ədalətsiz reallıqları dəyişdi. Müharibə bitən kimi, Azərbaycan Minsk Qrupuna ehtiyacın olmadığını rəsmən bəyan etdi. Ondan sonra Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində müəyyən görüşlər keçirildi. Bu görüşlərdə bəzi müsbət yönümlü nəticələr əldə edilsə də, ümumən bu, sülh prosesinə ciddi təkan vermədi. Bu səbəbdən Azərbaycan ikitərəfli danışıqlar formatına üstünlük verdi. Bunun nəticəsində önəmli nəticələr əldə edildi. Ermənistan COP29-un Bakıda keçirilməsinə razılıq verdi. Qazaxın işğal altında olan 4 kəndi azad edildi. Elə Qazax istiqamətində Ermənistanla sərhədin 12 kilometri delimitasiya edildi. İkitərəfli danışıqlar sayəsində indiyə qədər sülh sazişi mətninin 80 faizi razılaşdırılıb. Bu baxımdan, istənilən halda vasitəçilər olmadan danışıqların keçirilməsi daha məqsədəuyğundur və Azərbaycanın maraqlarına cavab verir. Mirzoyan daha çox Rusiyaya eyham vuraraq belə bir açıqlama ilə çıxış edib. Çünki “3+3” formatında təmsil olunan ölkələrdən yalnız Rusiyanın belə bir istəyi var. Ancaq orası da bəllidir ki, Birləşmiş Ştatlar və Fransa vasitəçilik təşəbbüsü ilə çıxış etsəydi, Mirzoyan bu cür publik formada etiraz etməzdi”.