NIPA-30

Rəşad Bayramov: “İtaliya XİN rəsmisinin açıqlaması həqiqətə söykənir”

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi hüquqi və tarixi saxtakarlıqlarla doludur. Bunu İtaliya xarici işlər nazirinin müavini Ermondo Cirielli deyib. 

Nazir müavini xatırladıb ki, məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal edib. Nazir müavini onu da bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir: “Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral və bərabər mövqe ilə Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib. Yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır”.

O da məlumdur ki, İtaliya Avropa İttifaqında sıradan bir dövlət deyil. O baxımdan, İtaliya XİN rəsmisinin Azərbaycana bu dəstəyini ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, İtaliya XİN rəsmisinin açıqlaması həqiqətə söykənir: “Burada biz İtaliyanın Azərbaycanla strateji tərəfdaş və s. münasibətlərini bir kənara qoyaraq qeyd edək ki, rəsmi Roma kifayət qədər obyektiv yanaşma sərgiləyib. Həqiqətən də Avroparlamentin oktyabrın 24-də qəbul etdiyi qətnamə qərəzli və obyektivlikdən uzaqdır. Bu, qurumun qərarlarında nə qədər riyakar mövqe tutduğunu və ikili standartlara əsaslanan qərarlar qəbul etdiyini sübut edir. Təkcə qətnamənin adına baxmaq kifayətdir ki, bu qətnamənin insan hüquqları adı altında hansı məqsədə xidmət etdiyini görək. Baxın, Azərbaycanda vəziyyət, insan hüquqları Ermənistana münasibətlə müqayisə edilir. Yəni bunlar hər dəfə Azərbaycanda insan hüquqları və digər məsələlərlə bağlı mövqe ortaya qoyanda mütləq şəkildə Ermənistanla münasibətləri də həmin kontekstdə əlavə edirlər. Yəni Qarabağı könüllü şəkildə tərk edən ermənilərin geri qaytarılması kimi məsələləri daxil etməyə cəhd edirlər. Separatçı liderlərin hüquqları kimi məsələləri gündəliyə çıxarmağa çalışırlar. Halbuki, 30 il ərzində ərazilərimizin işğal altında qalmasına susan, 1 milyonadak azərbaycanlının qaçqın şəraitində yaşamasını görməzdən gələn qurumun danışmağa haqqı yoxdur. Avropa Parlamentinin Azərbaycana yönəlik bu cür mövqe sərgiləməsi, təbii ki, tənqid olunmalıdır. Təkcə İtaliya deyil, Aİ-nin bir sıra ölkələri obyektivlik nümayiş etdirir. Həmin dövlətlər zaman-zaman Avropa Parlamenti tribunasından Aİ-nin Azərbaycana yönəlik siyasətini tənqid edən mövqedən çıxış edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul olunan qətnamələr bütün Aİ dövlətləri tərəfindən dəstəklənmir. Bu qərarlar Azərbaycana qarşı olan dairələr tərəfindən qəbul olunur. Xüsusən də Aİ-də aparıcı mövqedə olan Fransanın təhriki və təkidi ilə verilən qərarlardır. O baxımdan, təbii ki, belə qərarlar heç bir şəkildə özünə hörmət edən Aİ ölkəsi tərəfindən qəbul oluna bilməz. İtaliya da özünə hörmət edən, çəkisi olan və Aİ daxilində müstəqil mövqe ortaya qoymağı bacaran bir dövlətdir. O baxımdan İtaliyanın bu mövqeyi müsbət qiymətləndirilməlidir. Ona görə də Azərbaycan Aİ daxilində digər ölkələrlə işləməli və onların da müvafiq bəyanatlar verməsinə nail olmalıdır”.