Türk Dövlətləri Təşkilatı: Yeni dünya düzənində yeni güc mərkəzi
Xəbər verdiyimiz kimi, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.
Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək türk dövlətlərinin əməkdaşlığı istiqamətində bir sıra məsələlərə toxunub.
Prezident bildirib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır:
“Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
Türk dövlətləri arasında təhlükəsilik və birgə müdafiə məsələlərinin vacibliyi ziyalılar, millət vəkilləri tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”a bildirib ki, Türk Dövlətləri Təşkilatının güclənməsi bütövlükdə türk dövlətlərini hər birinin dövlət və türk dünyasının maraqlarına xidmət edir:
“Müxtəlif sahələr üzrə əməkdaşlıq formatı var, eyni zamanda müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı da əməkdaşlıq nəzərdə tutulub. Birgə xarici fəaliyyət və xarici siyasətin uzlaşdırılması, xarici təhdidlərə qarşı birgə dirəniş göstərilməsi bu konteksdədir.
Təbii ki, ordu quruculuğu, hər bir türk dövlətinin birgə təlimlərə cəlb olunması, təlimlərin keçirilməsi xarici təhdidlərə qarşı ola biləcək təhlükələrin qarşısının alınması məqsədilə bu istiqamətdə orduların fəaliyyətinin koordinasiya olunması və bütövlükdə türk dünyasını əhatə edəcək layihələrin reallaşdırılması üçün birgə fəaliyyət əsas istiqamətlərdən biridir.
Buna görə də birgə təlimlərin keçirilməsi nəzərdə tutulacaq. Həmçinin ordu quruculuğu sahəsində yeni texnologiyalardan istifadə sahəsində əməkdaşlıq vacibdir və Azərbaycanın özünün hərbi sənaye kompleksi inkişaf edir, eləcə də digər türk dövlətlərinin hərbi sənaye kompleksi inkişaf etməkdədir.
Xüsusilə də bu istiqamətdə Türkiyənin aparıcı rolu danılmazdır. Bu yeni texnologiyalar məsələsində qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, yeni texnoloji yeniliklərin aşılanması, tətbiq edilməsi, türk dövlətləri tərəfindən ordularda istifadə edilməsi birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi əsas prioritet məsələlərdən biridir”.