NIPA-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bölgədə yaranan yeni reallıqları Belçika parlament üzvləri qəbul edə bilmirlər”

Belçika parlament üzvləri Azərbaycana bağlı absurd tələblə çıxış ediblər. Bakıda keçirilən COP29 iqlim konfransı münasibətilə Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvü bəyanat verib. 

Bəyanatda Azərbaycan hökumətinə və COP29-da iştirak edən Belçika hökumət nümayəndə heyətinə üç əsas tələblə müraciət ediblər: Azərbaycanda saxlanılan erməni “hərbi əsirlər”in azad edilməsi; Dağlıq Qarabağın erməni mədəni irsini qorumaq; Azərbaycan qoşunlarını Ermənistan Respublikasının işğal olunmuş ərazisindən çıxarmaq, eləcə də Azərbaycanın Ermənistana qarşı hər hansı “təcavüzünü” dayandırmaq.

Bu absurd çağırışı Belçikanın 6 partiyası dəstəkləyib. Daha sonra onlar Belçika, Flandriya və Valoniya federal parlamentlərinin 2020-ci il dekabrın 16-dan sonra “Dağlıq Qarabağ” münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrə istinad edərək tələblərini açıqlayıblar. “Dağlıq Qarabağ”ın hərbi və “siyasi rəhbərliyi” də daxil olmaqla, Bakıda saxlanılan bütün erməni hərbi “əsirləri”, girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi ilə çıxış ediblər. 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Belçika parlament üzvlərinin tələbləri qərəzli və təxribat xarakterlidir: “Belçika parlament üzvlərinin absurd bəyanatı, eyni zamanda “Dağlıq Qarabağ” ifadəsi işlətmələri Azərbaycanın suverenliyinə hörmətsizlik nümayişidir. Müstəqil və suveren Azərbaycan dövlətinin ərazisində “Dağlıq Qarabağ” anlayışı mövcud deyil. Hesab edirəm ki, bunun da hansısa əsası yoxdur. Azərbaycanın Ermənistanın beynəlxalq hüquqa zidd 30 illik işğalına son qoymasından sonra bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Belçika parlament üzvləri qəbul edə bilmirlər. Müxtəlif erməni diaspora təşkilatları və ermənipərəst qüvvələr bu tip bəyanatlar qəbul etdirməklə, Ermənistanın Azərbaycan qarşısındakı son uğursuzluqlarını pərdələməyə çalışırlar. Necə ki, Fransada istədiklərinə tam nail olmayan erməni lobbi təşkilatlarının Belçika parlamentindəki anti-Azərbaycan səyləri də puç olacaq. Yaxın zamanlarda biz bunun da şahidi olacağıq. Ən absurd tələblərdən biri də “hərbi əsirlər” mövzusudur. Azərbaycan dövlətinə qarşı hərbi cinayətlər törətmiş şəxslər hansı əsaslarla “hərbi əsirlər” kimi təqdim edilir? Daha bir absurd ittiham Azərbaycanın Ermənistana qarşı “təcavüzü” ittihamıdır ki, bu da riyakarlığın ən son həddidir. Bunlar birdəfəlik bilməlidirlər ki, bu addımları ilə Azərbaycanın siyasi iradəsinə təsir edə bilməyəcəklər. Azərbaycan dövləti 90-cı illərdə yenicə müstəqilliyini əldə etdiyi dövrlərdəki Azərbaycan deyil. Bizimlə heç bir dövlət hədə, təzyiq dili ilə danışa bilməz, siyasi iradəmizə təsir edə bilməz”.