NIPA-30

Afsəddin Nəbiyev: “Putin sətiraltı deyir ki, əvvəlki münasibətlər post-Paşinyan hakimiyyətindən sonra öz məcrasına qayıdacaq”

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib. 

Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.

Onu da qeyd edək ki, Putin Ermənistanın daxili siyasi problemləri ilə KTMT arasında olan əlaqənin mahiyəti barədə heç nə deməyib..

Maraqlıdır, KTMT-yə münasibətin Ermənistanda daxili siyasi vəziyyətlə bağlı olması nə deməkdir? Bununla Putin nə demək istəyib?

Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında bunu belə izah etdi: “Ermənistanla KTMT arasında dərin parçalanma dövrünə qısa nəzər yetirsək görərik ki, bu  proses Paşinyanın hakimiyyətə gəlməsindən dərhal başlanan, sonu çox çətin proqnozlaşdırılan bir fəaliyyətdir. Paşinyan Qərb dairələri tərəfindən hakimiyyətə gətirildikdən sonra ilk addımlarından biri KTMT-nı gözdən  salmaq oldu. Məlum 44 günlük müharibədən sonra daha da irəli gedərək KTMT-ni ittiham etməyə başladı. Arqumenti də ondan ibarət idi ki, KTMT Ermənistanı döyüş zamanı müdafiə etmədi. Təbii ki, bu, əksər dövlətlər tərəfindən çox gülünc, heç bir əsası olmayan bir iddia kimi qəbul olundu. Birincisi, Azərbaycan Ermənistana müharibə elan etmədi. İkincisi, Azərbaycan dövləti öz ərazisində hərbi əməliyyatlar apararaq beynəlxalq  hüquqa əsaslanaraq işğalda olan torpaqlarını azad etdi. Paşinyan hakimiyyəti bütün bunların ardınca KTMT-ni Ermənistan cəmiyyətində gözdən salmağa davam etdi. Azərbaycan-Ermənistan sərhədinə sentyabrın 22-də KTMT-nin sərhəd missiyası göndərilməsinə baxmayaraq, rəsmi İrəvan növbəti dəfə Rusiyaya və üzvü olduğu təşkilata qarşı hörmətsizlik nümayiş etdirdi. Belə ki, Paşinyan hökuməti 21-27 oktyabr tarixlərində ATƏT missiyasını, 27 oktyabrdan bəri isə Avropa İttifaqının 40 nəfərlik müşahidə missiyasını 2 aylıq müddət üçün Azərbaycanla sərhədə gətirdi. Bununla da öz ərazisində KTMT məsələsinə nöqtə qoydu. Əslində, Paşinyan hakimiyyəti bununla Rusiyanın KTMT xətti ilə fəaliyyətinə inamsızlıq nümayiş etdirdi və regiona kənardan qüvvələr yerləşdirməyə cəhd etdi. Bu da azmış kimi, Nikol Paşinyanın ailə qəzeti olan “Aykakan Jamanak” və digər KİV-in köməyi ilə Rusiya və KTMT əleyhinə “qara piar” kampaniyasına başladı. Mediada KTMT-nin lazımsız qurum olması, Ermənistan qarşısında öhdəliklərini icra etməməsi iddia olunmağa başlandı. Paşinyan da daxil olmaqla, rəsmi şəxslərin İrəvanın təşkilatdan çıxa biləcəyi ilə bağlı şantaj dolu açıqlamaları tirajlanırdı. Paralel olaraq, Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının 2044-cü ilə qədər fəaliyyət göstərməsi barədə razılaşmanın ləğv olunması və ölkədən çıxarılması tələbləri daha gur səslənidirməyə başladı. Bütün bu rusofob kampaniya isə, əlbəttə ki, Paşinyan administrasiyasının göstərişi ilə həyata keçirilirdi. Hazırkı situasiyada Rusiya prezidenti Putinin açıqlaması yuxarıda sadaladığım prosesləri özündə ehtiva edir. Əslində Rusiya prezidenti bu çıxışı ilə sətiraltı demək istəyir ki, Ermənistan-KTMT arasındakı əvvəlki münasibətlər post-Paşinyan hakimiyyətindən sonra öz məcrasına qayıdacaq. Yəni Ermənistanda Rusiyanın mövqeyini müdafiə edən biri  hakimiyyətə gələrsə, Ermənistan KTMT-yə yenidən qucaq açacaq. Demək istəyir ki, belə vəziyyətin yaranmasının səbəbkarı Qərbdir. Paşinyan da bu missiyanı yerinə yetirir. Əlbəttə, bütün bunları indidən proqnozlaşdırmaq hələ tezdir. Real mənzərə bölgədə baş verən mürəkkəb geosiyasi vəziyyətdən asılı olacaq. Bizim üzərimizə düşən əsas vəzifə ondan ibarət olmalıdır ki, biz dövlətlərin bir-birinə olan münasibətlərindən asılı olmayaraq  balanslı siyasəti davam etdirək. İnanıram ki, bu belə də olacaq”.