NIPA-30

“Dudanın təxribatçı addımı Azərbaycan-Polşa münasibətlərinə xələl gətirdi” – Deputat

“Hər zaman yüksək səviyyədə olan, strateji müttəfiqlik səviyyəsinə çatan münasibətlərə təəssüf ki, Polşa prezidentinin atdığı təxribatçı addımla böyük bir xələl gətirilib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Polşa prezidenti Andjey Dudanın Ermənistana səfəri çərçivəsində Azərbaycanla sərhəd bölgəsinə gələrək, buradakı Avropa İttifaqı mülki missiyasını “ziyarət” etməsini şərh edərkən deyib.

“Azərbaycanla Ermənistan arasındakı şərti sərhədin Ermənistan hissəsində Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. Azərbaycan zamanında ona birmənalı olaraq razılıq verməyib. Amma buna baxmayaraq, həmin missiya yerləşdirildi və sayı da artdı. Bu missiya da bir sıra Qərb dövlətləri, xüsusən də Fransa və Almaniyanın istefada olan xüsusi xidmət orqanlarının nümayəndələrindən ibarətdir. Onlar isə kəşfiyyat xarakterli fəaliyyət göstərmək üçün yerləşdiriliblər. Bu addım heç bir halda Azərbaycan Ermənistan münasibətlərinin yaxşılaşmasına doğru istiqamətlənmiş missiya deyil. Noyabrın 27-də Polşa Prezidenti Duda da şərti sərhədə gələrək, mülki müşahidə missiyası məntəqəsində olub”, deyə deputat qeyd edib.

Arzuxan Əlizadə deyib ki, Dudanın şərti sərhəddə binokl diplomatiyası həyata keçirməsi ölkəmizə qarşı növbəti təxribat aktı kimi qiymətləndirilib:

“Belə vəziyyət Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etməyən addım olmaqla yanaşı, həm də Azərbaycan-Polşa münasibətlərinə xələl gətirən addımdır. Hər zaman yüksək səviyyədə olan, strateji müttəfiqlik səviyyəsinə çatan münasibətlərə təəssüf ki, Polşa prezidentinin atdığı təxribatçı addımla böyük bir xələl gətirilib. Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. İşğaldakı ərazilərimizi öz gücümüzə işğaldan azad etmişik. Buna rəğmən sülh müqaviləsinin bağlanması təklifilə ilkin olaraq Azərbaycan çıxış edib. Kənar müdaxilələr, təxribatçı addımlar isə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına deyil, əksinə, bir qədər də pisləşməsinə yönəlik addımlardır. Onlar Azərbaycanı müəyyən güzəştlərə getməyə təhrik etmək istəyir ki, bu da mümkün olan məsələ deyil. Amma təəssüf ki, Polşa prezidenti belə təxribatçı addıma gedib. Görünür, onu da yanlış məlumatlandırıblar”. 

Qeyd edək ki, Polşa prezidenti Andjey Duda noyabrın 27-də Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsini ziyarət edib. Prezident burada Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşərək vəziyyətlə tanış olub, missiyanın gördüyü işlər barədə maraqlanıb. Azərbaycan XİN-i isə Polşa prezidentinin bu məsuliyyətsiz addımına etiraz edərək, onu təxribatçı addım kimi qiymətləndirib.