NIPA-30

Azərbaycandan Trampa jest – İrəvan və Blinkenin oyunu pozuldu

Ermənistanın köhnə formata qayıtmaq cəhdləri; Bakı ermənipərəst administrasiyanın vasitəçiliyindən imtina etməklə “sülh imitasiyası”na imkan vermədi

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öncədən anons da etmişdi: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT Nazirlər Şurası çərçivəsində görüşü planlaşdırılmır”. “Yeni Müsavat” xatırladır ki, iki ölkənin rəsmiləri sülh sənədinin təxminən 90 faizinin artıq razılaşdırıldığını bildiriblər. 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində görüş zamanı isə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan XİN başçılarına danışıqlarını intensivləşdirmək və sülh müqaviləsinin imzalanmasını tezləşdirmək tapşırığı vermişdilər. Lakin üstündən ay yarım ötsə də, xarici işlər nazirləri bir araya gələ bilməyib. Səbəb nədir – danışıqlar artıq dalana girib, yoxsa il sonuna xas ənənəvi yorğunluq, apatiya amili? Bəlkə, növbəti erməni hiyləsi?

ATƏT sammiti öncəsi Ermənistan parlamentinin sədri Alen Simonyan bildirmişdi ki, Bakı və İrəvan arasında sülh müqaviləsi ilə bağlı müzakirələr davam edir. “Proses təkliflər əsasında irəliləyir. Bakıda COP29 tədbirinin keçirilməsi ilə əlaqədar olaraq qısa müddətli fasilə yaranıb. Azərbaycan tərəfi bunu iş qrafikinin sıxlığı ilə izah edib. Hazırda müzakirələr konstruktiv şəkildə davam edir və ”təklif-müzakirə” formatında irəliləyirik”, – deyə Simonyan söyləyib. Erməni spiker ümumi vəziyyəti müsbət qiymətləndirərək, tərəflər arasında dinamikanın ümidverici olduğunu əlavə edib. Söhbət hansı “konstruktiv irəliləmə”dən, “təklif-müzakirə” formatından gedir, əgər XİN rəhbərləri neçə vaxtdır görüşmürsə? Belə çıxır, müzakirə ediləcək məsələ qalmayıb? 

Bu xüsusda qeyd edək ki, dekabrın 5-də İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciətində Ermənistanın sülhə meyilli olmamasından narahatlığını ifadə edib. “Dərin kök salmış düşmənçilik, Ermənistan Konstitusiyasında əks olunmuş ərazi iddiaları və davam edən hərbiləşmə davamlı sülh perspektivlərinə mane olur,” – dövlət başçısı vurğulayıb. Maraqlıdır ki, Maltada ABŞ dövlət katibi Entoni Blinken iki ölkə XİN başçıları arasında görüş təklifi təşəbbüsü ilə çıxış edib. Blinken israrla vasitəçilik etmək istəyib. Lakin məlumdur ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etmir. Blinken bu təşəbbüsü ilə sözsüz ki, ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti güdüb. Rəsmi Bakı isə Blinkenin təklifindən qəti imtina edib. Səbəb də budur ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.

Öz növbəsində erməni tərəfi görüşdə iştiraka hazır olduğunu bildirib. Halbuki Azərbaycan Ermənistanla ikitərəfli formatda danışıqlara üstünlük verir. İrəvan da zaman-zaman eyni mövqe göstərib. Elə isə niyə indi geri çəkilir və köhnə, vasitəçilik formatına qayıdır? Vaxt udmaq üçünmü? “Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı deyib. “Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir və biz buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik. Eyni zamanda, bütövlükdə beynəlxalq ictimaiyyət, o cümlədən burada ATƏT çərçivəsində, hazırkı prosesə zərər verməmək, təxribatçı hərəkətlərdən və gərginliyin artmasından çəkinməkdən məsuldur”, – nazir qeyd edib. 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Maltada ATƏT Nazirlər Şurasının iclasında çıxışında deyib ki, Azərbaycan və Ermənistan sülh mətnin preambulası və 17 maddəsindən 15-i üzrə razılığa gəlib. O qeyd edib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir. Hərçənd, daha əvvəl Simonyan bütün maddələr üzrə razılığa gəlindiyini açıqlamışdı.

AMİP sədri, millət vəkili Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, nazirlərin görüşünün olacağı ilə bağlı məlumat yayılmışdı: “Lakin sonra bəlli oldu ki, Blinkenin vasitəçiliyi ilə görüş təklif edildiyi üçün Azərbaycan imtina edib. Çünki Bayden administrasiyasının ermənipərəst mövqeyi sona qədər davam etdirildi və hesab edirəm ki, rəsmi Bakı doğru qərar verib. Ermənipərəst bir administrasiyanın vasitəçiliyindən imtina məntiqli mövqedir. İkincisi, yanvarın 20-dən Tramp prezident vəzifəsinin icrasına başlayacaq və proqnozlar ondan ibarətdir ki, yeni administrasiyanın Azərbaycana daha loyal münasibəti olacaq. Biz bunu Trampın əvvəlki prezidentliyi dövründən xatırlayaraq qeyd edə bilərik. Ona görə gözləntilər var ki, Tramp dövründə ABŞ Ermənistana indiki dəstəyi verməyəcək”. 

Danışıqlara gəlincə, A.Əlizadə vurğuladı ki, Ermənistan həmişə Qərbin vasitəçiliyinə can atır: Amma Azərbaycan ikitərəfli danışıqlar modelini üstün tutur və vasitəçisiz sülh müzakirələrinin tərəfdarıdır. İrəvan isə vasitəçiyə daha çox himayədar kimi baxır. İkitərəfli danışıqlarla yanaşı, Ermənistan ərazi iddialarından hüquqi müstəvidə əl çəkməli və qanunvericiliyə dəyişiklik etməlidir. Əgər bu iddialar konstitusiyada qalacaqsa, sülh sənədinin imzalanması da mümkün olmayacaq. Bundan da itirən yenə Ermənistan olacaq, iqtisadiyyatı zərər görəcək. Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə ola bilməz və bunu Ermənistan, onun havadarları qəbul etməlidirlər”.