NIPA-30

Afsəddin Nəbiyev: “Davamlı sülh prosesini uzatmaq üçün ən çirkin siyasi texnologiyalardan istifadə etməyə çalışırlar”

Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır: 

“Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür. O isə bütün bunları açıqlayır. Bu normaldırmı? Biz bir ildən çox idi ki, sızıntının mənbəyini axtarıb tapmağa çalışırdıq. Partiya məsələləri olsa idi, yenə dərd yarı idi. Amma söhbət Ermənistanın təhlükəsizliyindən gedəndə, bu məsələni belə saxlamaq olmaz. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar pozulub, münasibətlər gərginləşib. Biz, şərti desək, ola bilsin razılaşmaları pozmuşuq, ucadan nə isə demişik, məlumat sızdırmışıq. Bundan sonra get sübut elə ki, bu fraksiyanın üzvü müsahibəni və ya məlumatı qəsdən yox, səhvən verib”.

Əslində bu, tipik erməni hiyləgərliyinin bir göstəricisidir. Ermənistan zatən sülh sazişinin imzalanmasını yubadırdı. İndi bütün günahı Aqazaryanın üstünə atmaqla özlərinə haqq qazandırmaq istəyirlər.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, ermənilərin düşdükləri məğlub vəziyyət ortada olsa belə, bəhanələri bitib-tükənmək bilmir: “Ən xırda detalı çox ciddi şəkildə şişirtməklə elə bir fon yaratmağa çalışırlar ki, güya sülh prosesinə əngəl olan tərəf Azərbaycan tərəfidir. Bütün bunlar erməni hiyləgərliyinin bariz nümunəsidir. Ermənilər bizə qarşı informasiya hücumuna keçəndə, onların məkrli planlarının içində saxta məlumatların yayılması texnologiyası hər zaman yer alıb. 27 il bizə məxsus olan torpaqları zəbt edən Ermənistan, öz təcavüzünə haqq qazandırmaq və beynəlxalq hüquq normalarından yayınmaq üçün məsələni əsl mahiyyətindən uzaqlaşdırmağa çalışır. Elə buna görə də, ermənilər bir neçə istiqamətdə təbliğat-təxribat fəaliyyətlərinə başlayıblar. Alen Simonyanın açıqlaması bu halqanın tərkib hissəsidir. Əslində Ermənistanın təhlükəsizliyi ilə bağlı hər hansı bir məlumatın davamlı sızması absurd bir iddiadır. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi davamlı şəkildə sülh prosesini uzatmaq üçün ən çirkin siyasi texnologiyalardan istifadə etməyə çalışır. Təbii ki, indiki vaxtda bütün bunları gizlətmək mümkün deyil. Hər şeyin gün kimi aydın olduğu bir vaxtda hansı təhlükəsizlikdən söhbət gedə bilər? Azərbaycan tərəfinin sülhlə bağlı tələbləri çox sadədir. Bundan da erməni cəmiyyəti kifayət qədər məlumatlıdır. Belə məsələləri şişirdib ajiotaj yaratmağa çalışmaq ermənilərin ənənəvi hiyləgərliyidir. Əslində danışıqlarda sirli hər hansı ciddi bir məqam yoxdur. Şərtlərimiz çox sadədir. Qalır erməni tərəfinin bu şərtlərə əməl etmələri, etsələr ən çox qazanan tərəf elə özləri ola bilər”.