Arzuxan Əlizadə: “Ərdoğan bununla demək istəyir ki, Avroittifaqda lider olsaydı, Rusiya Ukraynaya hücum etməzdi”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə gənclərlə görüşdə deyib ki, hazırda dünya siyasətini müəyyən edən iki lider qalıb – o və Putin: “Biz indi dünyada liderlər arasında iki nəfər qalmışıq. Hazırda sadəcə mən və Putin”.
Türkiyə prezidenti əvvəllər dünya siyasətini müəyyən edən digər liderlərin də adını çəkib. Ərdoğanın sözlərinə görə, bu liderlərdən biri Almaniyanın keçmiş kansleri Angela Merkel olub və ondan sonra Almaniyada siyasət başa çatıb: “Merkelin siyasətdə yeri var idi. Merkeldən sonra Almaniyada siyasət bitdi. Almaniyada bəyəndiyim lider Şröderdir. Onun bizə olan sevgisi çox fərqli idi. Məsələn, Ramazan ayında Şröder oturduğum masada pivə içməzdi. O da vaxtaşırı Türkiyəyə gəlir. Şröderin Almaniya siyasətində fərqli yeri var. Ümid edirəm ki, Türkiyədə Şröder kimi siyasətçilər olacaq”.
Bundan əvvəl Ərdoğan qarşıdakı iki-üç ayı həm ölkəsi, həm də dünya üçün çox vacib adlandırıb. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında qlobal siyasətə təsir edəcək dəyişikliklərin olacağını proqnozlaşdırıb.
Maraqlıdır, bütün bunlarla Ərdoğan nə demək istəyir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, burada bir sıra məsələlərdən söhbət gedir: “Məsələ ondadır ki, Avropa İttifaqında, xüsusən də Qərbi Avropada siyasi lider problemi var və bu açıq-aşkar özünü göstərir. Məsələn, Jak Şirakdan sonra Fransada bu özünü daha çox göstərir. Ondan sonra Fransa prezidenti seçilənlərin heç biri xarizmatik lider təsiri bağışlamayıb. Emmanuel Makron prezident seçiləndən, ümumiyyətlə, Fransada sanki siyasi lider böhranı özünü daha qabarıq göstərir. Ərdoğanın Merkelə xüsusi önəm verməsi onunla əlaqədardır ki, Merkel 16 il Almaniyaya rəhbərlik edib. Bu dövr ərzində həm Almaniya-Türkiyə münasibətləri, həm Almaniya-Rusiya münasibətləri yaxşı səviyyədə olub. Ərdoğan bütün bunları lider amili ilə əlaqələndirir. Ərdoğan demək istəyir ki, Avroittifaqda lider olsaydı, Rusiya Ukraynaya hücum etməzdi. Fikrimcə, o, sözügedən fikirləri ilə buna daha çox eyham vurur. Obyektivlik naminə onun bu fikirlərində müəyyən həqiqət var. Bununla həm də o, ABŞ-a eyham vurur. Çünki ABŞ-ın 46-cı prezidenti Cozef Bayden də, nəinki Rusiya-Ukrayna məsələsində, Yaxın Şərq və digər məsələlərdə də gərəkən siyasi iradə ortaya qoya bilmədi. Nəticədə Yaxın Şərq qan gölünə çevrildi. Trampla bağlı proqnozlara gəldikdə isə, burada bir sıra məsələlərdən söhbət gedə bilər. Çox güman ki, Tramp dünyanın bəzi yerlərində ABŞ hərbi bazalarının sayının azaldılmasına qərar verəcək. Çünki o, bunu ölkə büdcəsinə yük hesab edir. Hətta Tramp birinci prezidentliyi dövründə Suriyanın şimalından ABŞ ordusunu çıxarmaq istədi, amma ətrafı buna imkan vermədi. Fikrimcə, bu məsələyə yenidən baxıla bilər. Digər dəyişiklik ondan ibarət ola bilər ki, gələn ilin fevralında Almaniyada keçiriləcək seçkilərdə Xristian Demokrat Partiyası və onun siyasi ortağı Xristian Sosialist Partiyasının qalib gəlmə ehtimalı böyükdür”.