NIPA-30

Afsəddin Nəbiyev: “Azərbaycan sadiq tərəfdaşları hesabına həm də Fransanı məğlub etdi”

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, bizi dəstəkləyən ölkələrin sayı Fransaya Qarabağla bağlı məsələni hətta BMT Təhlükəsizlik Şurasının iclasının gündəliyinə salmağa imkan vermədi: 

“2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, – necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, – Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər”.

Bu, əslində bu gün Azərbaycanın düzgün siyasət yürütməsi, müttəfiqlərinin sayını artırması, dünyada mövqeyini gücləndirməsi sayəsində Fransanın timsalında super hesab olunan dövlətə faktiki qalib gəlməsidir. Yəni Azərbaycan öz dostları ilə Fransanın bütün layihələrini iflasa uğradıb. Bununla Azərbaycan super dövlətlərdən birinə demək olar qalib gəlib.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Prezident İlham Əliyev cəmiyyətimizi düşündürən və haqlı olaraq narahat edən məsələlərlə bağlı mövqeyini bu müsahibədə tam aydınlığı ilə ortaya qoydu: “Onlardan biri sözdə sülhdən danışan, əməldə isə ardıcıl şəkildə hər zaman ikiüzlü riyakarlıq siyasətini həyata keçirən Ermənistan və bu dövləti əlində oyuncağa çevirən Fransanın Makron hökumətinin təhlükəli seçimi ilə bağlıdır. Bu siyasətin ölkəmiz üçün real təhlükə risqi həm də ondadır ki, onun arxasında kifayət qədər böyük ölkələr dayanır və siyahıya Fransa prezidenti Makron başçılıq edir. Onun adının olduğu yerdə isə Azərbaycan əleyhinə hər cür haqsızlığın, riyakarlığın edilə biləcəyi cəmiyyətimiz üçün sirr deyil. Makronun anti-Azərbaycan mövqeyi hələ 44 günlük Vətən müharibəsinin gedişində məlum olmuşdu. Onun həmin vaxt verdiyi “Azərbaycan Dağlıq Qarabağı işğal etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa və tərəfsiz vasitəçi mandatına zidd bəyanatını cəmiyyətimiz heç zaman  unutmayacaq. Prezident Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Afrikada, Nigerdə, Burkino-Fasoda, Malidə, Çadda, Seneqalda və bir çox ada dövlətlərində, Livanda Fransa xarici siyasətinin iflasa uğraması da əsla təsadüfi deyil. Prezident Makronun rəhbərliyi dövrünə həkk olunmuş və məhz  onun  imperialist təfəkkürünün, uğursuzluğunun göstəricisidir. Azərbaycan xalqının heç zaman Fransa xalqı ilə problemi olmayıb. Xalqımız Fransanın tarixinə, mədəniyyətinə və ədəbi irsinə hər zaman hörmətlə yanaşıb. Azərbaycan cəmiyyətinin bu gün Fransadan narazı qalmasının əsas səbəbi prezident Makronun yürütdüyü anti-Azərbaycan siyasətidir. Günü bu gün də Fransa rəsmiləri dayanmadan Azərbaycana qarşı Ermənistanın yanında olacaqlarını bəyan edirlər. Belə olan halda Azərbaycan vətəndaşı Makron hökumətinə necə etiraz etməyə və onun siyasətindən razı qala bilər?! Bəli, Azərbaycan sadiq tərəfdaşları hesabına həm də Fransanı məğlub etdi. Bu dövlətin nə BMT TŞ-nin daimi üzvü olması, nə böyük iqtisadi imkanlara malik olması, nə nüvə dövləti statusu və nə də digər üstünlükləri nəyəsə yaramadı. Bütün bu dediklərim onu göstərir ki, Makron hökuməti öz uğursuzluğunu ört-basdır etmək üçün Azərbaycan və Cənubi Qafqaz üzərindən növbəti siyasi avantüraya başçılıq etmək niyyətini gizlətmir. Təbii ki, Azərbaycan dövləti 90-cı illərin Azərbaycanı deyil. İndi heç bir dövlət Azərbaycanın siyasi iradəsinə təsir göstərə bilməz. Tezliklə Makron və hökumətinin bu avantürası öz başında çatlayacaq”.