Siyasi partiyalar təyyarə qəzası ilə bağlı BƏYANAT YAYDI
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb.
Bəyanatı təqdim edirik:
“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salıb, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirib. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılıb, ölkədə bir günlük matəm elan olunub.
İnanırıq ki, müvafiq dövlət qurumları qəzanın nəticələrini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcək, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcək.
Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.
Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq.
Uca Allah xalqımızı bəlalardan qorusun!
1. Yeni Azərbaycan Partiyası
2. Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlı
3. “Ana Vətən” Partiyası Fəzail Ağamalı
4. Ədalət, Hüquq, Demokratiya Partiyası Qüdrət Həsənquliyev
5. Böyük Quruluş Partiyası Fazil Mustafa
6. Demokratik İslahatlar Partiyası Asim Mollazadə
7. Azərbaycan Demokratik Maarifçilik Partiyası Elşən Musayev
8. Milli Cəbhə Partiyası Razi Nurullayev
9. “Azərbaycan Milli İstiqlal” Partiyası Arzuxan Əlizadə
10. “Böyük Azərbaycan” Partiyası Elşad Musayev
11. Haqq Ədalət Partiyası Əli İnsanov
12. Vəhdət Partiyası Tahir Kərimli
13. Azərbaycan Ümid Partiyası İqbal Ağazadə
14. Azərbaycan Demokrat Partiyası Sərdar Cəlaloğlu
15. Azərbaycan Xalq Partiyası Pənah Hüseyn
16. Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev
17. Ədalət Partiyası İlyas İsmayılov
18. Klassik Xalq Cəbhəsi Partiyası Mirmahmud Fəttayev
19. AĞ Partiyası Tural Abbaslı
20. REAL Partiyası Natiq Cəfərli
21. Azad Vətən Partiyası Akif Nağı
22. Müasir Müsavat Partiyası Hafiz Hacıyev
23. Yeni Zaman Partiyası Musa Ağayev
24. Gələcək Azərbaycan Partiyası Ağasif Şakiroğlu”