NIPA-30

Bütün dünya bilir ki, təyyarəmizi Rusiya vurub – Moskva ÜZR İSTƏMƏLİDİR

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. 

İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.

Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Rəsmi Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək. Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər. Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.

Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir.

Azərbaycanda fəaliyyət göstərən partiyaların da tələbi eynidir.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə qeyd edib ki, təyyarə qəzasının baş verdiyi məkandan və təyyarənin özünün ilkin vizual müşahidəsindən əslində onun vurulması versiyası dominantlıq təşkil edirdi:

Artıq bu təsdiqlənib, məlum olub ki, təyyarə Rusiya hava məkanında Çeçenistan üzərində vurulub. Bilərəkdən yaxud bilməyərəkdən olsa da sərnişin təyyarəsinin vurulması böyük cinayətdir. Daha böyük cinayət isə zədələnmiş təyyarənin yaxınlıqda olan Rusiya hava limanları tərəfindən qəbul edilməməsi, kömək edilməməsidir. Nə Qroznı, nə Mahaçqala, nə də Mineralnye Vody Azərbaycanın Rusiya HHM sistemləri tərəfindən zədələnmiş təyyarəsinin enməsinə şərait yaradıblar. Əksinə naviqasiya cihazlarımız sıradan çıxarılaraq başqa bir istiqamətə yönləndirilib. Heç şübhə etmirəm ki, burada çox məkrli məqsəd olub ki, təyyarə dənizə düşəcək və bununla da cinayətin izləri itəcək. Bu da çox böyük suallar yaradır, buna aydınlıq gətirilməlidir”.

O bildirib ki, Rusiya tərəfinin bununla bağlı günahını etiraf edərək üzrxahlıq etməməsi sual doğurur:

Yadımızdadır ki, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin son günlərində səhvən müharibə məkanında Rusiyanın hərbi helikopteri vurulmuş, iki pilot həlak olmuşdu. Azərbaycan tərəfi dərhal üzrxahlıq bildirdi və bütün prosedur qaydalarına uyğun olaraq hərəkət etdi. Bu da Azərbaycanın böyüklüyünü göstərən amildir. Amma bu gün 3-cü gündür ki, təyyarəmiz vurulub, Rusiya tərəfindən vurulmasına heç bir şübhə olmamasına baxmayaraq Rusiya rəsmilərinin heç bir açıqlamasını görmürük. Bu olduqca təəssüf doğuracaq haldır, çünki Rusiya qonşu dövlətdir, Azərbaycanla strareji müttəfiqlik haqqında bəyannamə imzalayıb. Biz sözdə deyil, əməl bu Rusiyanın bu məsələdə Azərbaycana yönəlik müsbət mövqeyini görmək istəyirik. Təəssüf ki, üç gün ərzində bununla bağlı heç bir rəsmi açıqlama yoxdur. Rusiya tərəfindən mütləq üzrxahlıq edilməli, prosedur qaydalarına müvafiq olaraq təzminatlar ödənilməlidir”. Modern.az