Milli birliyin və bərabərliyin simvolu
“Dünyanın harasında yaşamasından asılı olmayaraq hər kəs azərbaycanlı həmrəyliyini qeyd edir”
Qarşıdan milli birliyin və bərabərliyin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər.
Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi.
Həmrəylik Günü bu birləşmək istəyinin simvoludur.Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən bu günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
Azərbaycan İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a bildirib ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır:
“Təbii ki, böyük hissəsi Cənubi Azərbaycandadır. Bugünkü İran adlı dövlətin ərazisində təxminən 40 milyona yaxın, müstəqil Azərbaycanın ərazisində 10 milyon, eləcə də bir çox ölkələrdə də soydaşlarımız yaşayırlar.
Azərbaycan dövləti dünyada yaşayan bütün azərbaycanlıların müstəqil, simvol dövləti olaraq mövcuddur. Azərbaycan regionun əsas dövlətlərindən birinə çevrilib. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının Prezidentidir.
Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar da Azərbaycana öz doğma Vətəni olaraq baxırlar. Təbii ki, hər birinin yaşam tərzi, hüquqlarının müdafiəsi üçün Azərbaycan dövləti, millət olaraq biz də məsuliyyət daşıyırıq. 31 dekabrın tarixi 1989-cu ilə gedib çıxır. Ancaq bütövlükdə 31 dekabrı 1990-cı illərin əvvəllərindən başlayaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edirik. Harada yaşamasından, hansı ideyanın daşıyıcısı olmasından asılı olmayaraq, bütün azərbaycanlılar həmin günü qeyd etməklə həmrəyliklərini nümayiş etdirmiş olurlar.
Biz hər torpağının bir hissəsi qonşularında qalan, ikiyə bölünmüş millətlərdənik. Dünyada çox az belə millətlər var. Məsələn, Şimali, Cənubi Koreya və digər millətlər var. Ancaq Azərbaycanın Şimalı, Cənubu, eləcə də qonşumuz Gürcüstanda təxminən yarım milyona yaxın bacı-qardaşlarımız Borçalı mahalında yaşayır. Eləcə də Dərbəndi yaddan çıxarmamalıyıq, Rusiya ərazisində yaşayan azərbaycanlılar da bizim bacı-qardaşlarımızdır”.
O bildirib ki, bütövlükdə 31 dekabr simvolik günə çevrilib:
“Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəs azərbaycanlı həmrəyliyini qeyd edir. Bu ideyanın daşıyıcılarıyıq ki, harada yaşmaqdan asılı olmayaraq, bir dövlətimiz var, bu dövlətin qüdrətli olması üçün hər bir azərbaycanlı öz məsuliyyətini dərk edir”.