NIPA-30

Siyasi partiyalar dövlətin maliyyəsini hara xərcləyirlər? – Arzuxan Əlizadədən CAVAB

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə parlamentdə təmsil olunan və dövlət büdcəsindən maliyyələşən müxalifət partiyalarının fəaliyyətinin hiss olunmaması barədə iddialara münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı məsələ “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir.

A.Əlizadə bildirib ki, parlamentdə təmsil olunan partiyalar hansı qaydada maliyyələşirlərsə, hamısı qanunvericilikdə nəzərdə tutulub: “Yeni qəbul olunmuş qanunun tələblərinə müvafiq olaraq, o cümlədən parlamentdə təmsil olunmayan partiyalar da müəyyən məbləğdə maliyyə vəsaiti ilə dövlət büdcəsindən maliyyələşirlər. Bu, olduqca doğru yanaşmadır. Uzun müddət ərzində belə praktika olmamışdı. Bəzi partiyaların qeyri-şəffaf maliyyələşməyə malik olmaları ilə bağlı iddialar da var idi. Bir sıra hallarda əsaslı iddialar da olurdu. O zaman da mövqeyimiz bu idi ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidirlər. Ayrılan maliyyənin hansı istiqamətdə xərclənməsi ilə bağlı isə hesabatlar verilir… Qanunvericiliyə müvafiq olaraq, hər il aprelin 1-dək siyasi partiyalar onlara ayrılmış maliyyə vəsaiti haqqında müvafiq dövlət orqanlarına, Maliyyə Nazirliyinə, son illər Merkəzi Seçki Komissiyasına hesabatlar verirlər.  Hər bir hesabat şəffafdır. Maliyyənin hansı istiqamətdə xərclənməsi barədə müvafiq sayta daxil olaraq məlumat öyrənmək mümkündür. Eləcə də bundan əvvəlki dönəmdə parlamentdə təmsil olunmurduq, öz vəsatimiz hesabına partiyanı maliyyələşdirirdik, üzvlük haqları, ianələr və s. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi bir çox dövlətlərdə qəbul edilmiş normadır. Bu norma eləcə də Azərbaycanda qəbul edilib”.

Deputat parlamentdəki partiyaların fəaliyyəti barədə səslənən fikirlərə isə belə cavab  verib: “Hər siyasi partiya özünə cavabdehdir. Milli İstiqlal Partiyası olaraq fəaliyyətimiz göz önündədir, şəffaf və daimi fəaliyyətimiz var. Beynəlxalq təşkilatlarda təmsil olunuruq. Həm də üzvlük haqqı verilməklə bu təmsilçilik reallaşır. Beynəlxalq tədbirlərdə iştirak, eləcə də ölkə daxilində bir sıra tədbirlərin keçirilməsi və onların maliyyələşdirilməsi, partiya üzvlərinin, funksionerlərinin həmin vəsaitdən yararlanmaları mətbuata açıq, şəffaf məlumatlardır. Araşdıra bilərsiniz, burada heç bir kriminal yoxdur. Kriminal yalnız o vaxt ola bilər ki, partiya kənardan, bilinməyən mənbədən maliyyələşir. Təəssüf ki, bəzi hallarda hətta xarici ölkələrin maraqlarını təmsil edən mənbələrdən maliyyələşmələr ola bilir. Bunun qarşısı ciddi sürətdə alınmalıdır və alınıb. Zaman-zaman bu, kriminal hal hesab edilə bilər. Dövlət büdcəsi həm də bizim partiya üzvlərinin, bütövlükdə Azərbaycan vətəndaşlarının vergiləri hesabına formalaşıb. Digər mənbələrlə yanaşı,  siyasi partiyaların dövlət büdcəsindən də  maliyyələşməsi həm Azərbaycan qanunlarına uyğundur, həm də beynəlxalq normalara. Beynəlxalq praktikada da var. Məsələyə bu prizmadan yanaşılmasının tərəfdarıyam”.