NIPA-30

“Xalqın iradəsi hər cür qanunsuz müdaxilədən daha güclüdür” – DEPUTAT

“Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 10-cu ildönümüdür”. 

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, 15 iyul 2016-cı ildə türk xalqı böyük qəhrəmanlıq göstərdi:
“Bu tarix təkcə qardaş Türkiyənin deyil, bütün türk dünyası üçün demokratiyanın, milli iradənin və dövlətçiliyin qorunmasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da həmin çətin gecədə ilk andan etibarən qardaş Türkiyənin yanında olduğunu qəti şəkildə bəyan etdi. 

Bu mövqe iki ölkə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi üzərində qurulduğunu bir daha təsdiqlədi. 15 iyul hadisələri göstərdi ki, xalqın iradəsi və dövlətin birliyi hər cür qanunsuz müdaxilədən daha güclüdür”.

Millət vəkili diqqətə çatdırıb ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur:
“Həmin gecə şəhid olanların xatirəsi dərin ehtiramla anılır. Onların fədakarlığı Türkiyə dövlətinin müstəqilliyinin, konstitusiya quruluşunun və demokratik dəyərlərinin qorunmasında mühüm rol oynadı. Azərbaycan və Türkiyə bu gün də regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində çiyin-çiyinə fəaliyyət göstərirlər”.

Deputat vurğulayıb ki, Azərbaycan – Türkiyə qardaşlığı daha da möhkəmlənəcək:
“İnanıram ki, qardaşlıq münasibətlərimiz bundan sonra da daha da möhkəmlənəcək, ortaq layihələrimiz və strateji əməkdaşlığımız yeni uğurlara yol açacaq.

Bu əlamətdar gün münasibətilə bir daha qardaş Türkiyə xalqına ən səmimi ehtiramımı bildirir, 15 iyul şəhidlərinin əziz xatirəsini dərin hörmətlə yad edir, Türkiyə Cümhuriyyətinə daim əmin-amanlıq, sabitlik və tərəqqi arzulayıram”.