NIPA-30
a

National Independence Party of Azerbaijan

Operativlik peşəkar jurnalistika prinsiplərini kölgədə qoymamalıdır – AÇIQLAMA

Son illər sosial şəbəkələrin sürətli informasiya axını media mühitində  xəbər istehsalının xarakterini də dəyişib.

 Operativlik uğrunda rəqabət bəzi hallarda xəbərlərin kifayət qədər araşdırılmadan yayımlanmasına, təsdiqlənməmiş iddiaların şişirdilərək təqdim edilməsinə və hadisə ilə birbaşa əlaqəsi olmayan şəxslərin və ya dövlət qurumlarının hədəfə çevrilməsinə səbəb olur.Rəhbər şəxslərinin fotolarından istifadə edilməsi müzakirələrə yol açır. Bu yanaşmanın ictimai rəyə, dövlət qurumlarına inama və medianın etibarlılığına təsiri ilə bağlı suallar gündəmdədir.

Bu barədə Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Ekologiya.az-a açıqlamasında deyib ki, bəzən mediada hadisə ilə birbaşa əlaqəsi olmayan tanınmış şəxslərin adlarının xəbərlərdə hallandırılması halları müşahidə olunur:

“Bununla bağlı illər əvvəl baş vermiş bir hadisəni xatırlatmaq istərdim. Maykl Ceksonun həkimi olmuş bir şəxs cinayət törədərək həbs edilmişdi. Həmin hadisə ilə bağlı bəzi qəzetlər xəbərlərində Maykl Ceksonun adını da hallandırmışdılar. Bununla razılaşmayan Cekson həmin media qurumlarını məhkəməyə vermiş və haqlı olaraq işi udmuşdu. İndi bizdə də bəzən hansısa məmurun uzaq qohumunun, qonşusunun və ya hadisə ilə heç bir əlaqəsi olmayan şəxslərin adları müxtəlif xəbərlərdə hallandırılır. Bu, ilk növbədə peşəkarlığa ziddir. İkincisi, jurnalist etikasının pozulmasıdır. Üçüncüsü isə, həmin məlumatı yayan şəxslərin məsuliyyət hissini itirməsinin göstəricisidir. Bəzən həqiqətən ictimai əhəmiyyət daşıyan hadisələr diqqətdən kənarda qalır, əvəzində isə hadisəyə heç bir aidiyyəti olmayan şəxslərin adları sadalanır və bu yolla onların adları əsassız şəkildə gündəmə gətirilir.”

 Əməkdar jurnalist bildirib ki, bu, yolverilməzdir və bütün hallarda jurnalist etikasına ziddir:

“Ona görə də operativlik və ya qeyri-operativlik məsələsindən asılı olmayaraq, bütün bunlar gəlib peşəkarlığa, jurnalistin məsuliyyətinə və mənəvi keyfiyyətlərinə söykənir. Belə hallara yol verilməməlidir və bu məsələlər etik qaydalarla tənzimlənir”.

 Milli Məclisin deputatı Arzuxan Əlizadə də Ekologuya.az -a bildirib ki,  bu kimi hallarda operativlik naminə peşəkar jurnalistika prinsiplərinin arxa plana keçirilməsi həm media üçün, həm də cəmiyyət üçün mənfi nəticələr doğurur:

“Araşdırılmamış, təsdiqlənməmiş məlumatların dövlət qurumlarının və ya onların rəhbərlərinin adı ilə əlaqələndirilməsi ictimai rəydə yanlış təsəvvür formalaşdırır, həmin qurumların nüfuzuna zərbə vurur və nəticədə media orqanlarına olan etimadı da azaldır. Xüsusilə ekoloji məsələlər kimi həssas mövzularda emosional yanaşma deyil, faktlara əsaslanan məlumatlandırma əsas prinsip olmalıdır. Medianın əsas missiyası sensasiya yaratmaq deyil, cəmiyyəti dəqiq, obyektiv və balanslı informasiya ilə təmin etməkdir. Hər hansı hadisə ilə bağlı məsuliyyət daşıyan qurum müəyyən edilmədən dövlət qurumlarının və ya rəhbər şəxslərin fotoşəkillərindən istifadə edilməsi həm etik baxımdan, həm də peşəkar jurnalistika prinsipləri baxımından doğru yanaşma hesab oluna bilməz”. 

Deputatın sözlərinə görə, belə hallarda jurnalistlər məlumatı bir neçə mənbədən dəqiqləşdirməli, qarşı tərəfin mövqeyini öyrənməli və yalnız bundan sonra ictimaiyyətə təqdim etməlidirlər:

“Sosial şəbəkələrdə yayılmış hər paylaşımı xəbər kimi təqdim etmək media məsuliyyəti ilə uzlaşmır. İnformasiya təhlükəsizliyinin və sağlam ictimai rəyin qorunması üçün media nümayəndələri daha məsuliyyətli davranmalı, yoxlanılmamış məlumatların yayılmasından çəkinməlidirlər. Peşə etikası və qanunvericiliyin tələblərinə riayət olunması həm dövlət qurumlarının nüfuzunun qorunmasına, həm də cəmiyyətin mediaya olan etimadının möhkəmlənməsinə xidmət edir”.

Hüquqşünas Əkrəm Həsənov da  diqqətə çatdırıb ki, qanunvericilikdə bu cür hallarla bağlı aydın hüquqi mexanizmlər nəzərdə tutulub:

“Əgər kütləvi informasiya vasitəsində və ya digər açıq informasiya resursunda yayılan məlumatın həqiqətə uyğun olmadığı iddia edilirsə, həmin şəxs ilk növbədə məhkəmə qaydasında həmin məlumatın təkzib edilməsini tələb etmək hüququna malikdir. Təkzib institutu şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun bərpasına xidmət edən əsas hüquqi vasitələrdən biridir. Bununla yanaşı, əgər yayılan məlumat sadəcə yanlış və ya qeyri-dəqiq informasiya deyil, qəsdən şəxsin şərəf və ləyaqətini alçaltmağa yönəlmiş ifadələrdən ibarətdirsə və ya yalan olduğu bilinə-bilinə ona hər hansı cinayət törətməsi kimi əsassız ittihamlar irəli sürülübsə, bu artıq hüquqi müstəvidən çıxaraq cinayət-hüquqi məsuliyyət yarada bilər. Belə hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan və 148-ci maddəsində təsbit edilən təhqir əməllərinə görə məsuliyyət məsələsi gündəmə gələ bilər. Burada əsas meyar yayılan məlumatın xarakteri, həqiqətə uyğun olub-olmaması və onun qəsdən yayılıb-yayılmamasıdır”.

Hüquqşünas deyib ki, digər mühüm məqam isə maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır:

“Əgər həqiqətə uyğun olmayan məlumatın yayılması nəticəsində fiziki şəxsin və ya hüquqi şəxsin işgüzar nüfuzuna xələl dəyibsə, fəaliyyətinə mənfi təsir göstərilibsə, müştərilərini, tərəfdaşlarını itirib və ya digər maddi itkilərlə üzləşibsə, o zaman məhkəmə qaydasında maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırılması mümkündür. Məhkəmə belə iddialara baxarkən yayılan məlumatın məzmununu, onun doğurduğu nəticələri və zərərin həcmini ayrıca qiymətləndirir.

Beləliklə, media hüququnda şəxslərin hüquqlarının müdafiəsi üçün bir neçə paralel hüquqi mexanizm mövcuddur. Bunlara məlumatın təkzib edilməsi, böhtan və təhqirlə bağlı cinayət məsuliyyətinin tətbiqi, eləcə də maddi və mənəvi zərərin kompensasiya olunması daxildir. Hansı hüquqi vasitənin seçilməsi isə konkret hadisənin mahiyyətindən, yayılan məlumatın xarakterindən və onun doğurduğu hüquqi nəticələrdən asılı olaraq müəyyən edilir”.

Aysel Elnur