NIPA-30
a

National Independence Party of Azerbaijan

26 Avqust – Laçın şəhəri günü

26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Bu tarix təkcə Laçın şəhərinin işğaldan azad olunmasının ildönümü deyil, eyni zamanda, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının, tarixi ədalətin bərpasının və Laçının yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi də bu tarixi hadisənin milli yaddaşımızdakı xüsusi yerini təsdiqləyir.

Laçının tarixi Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin ayrılmaz hissəsidir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi təşkil edilməsi bu qədim yurdun Azərbaycanın ictimai-siyasi və inzibati həyatındakı mövqeyini göstərir. 1835 kvadratkilometr əraziyə, zəngin meşə massivlərinə, geniş yaylaqlara, çaylara və əlverişli coğrafi mövqeyə malik Laçın hər zaman Azərbaycanın mühüm strateji məntəqələrindən biri olub.

Təəssüf ki, 1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan tarixinin ən ağır səhifələrindən birinə çevrildi. İşğal nəticəsində Laçın əhalisi doğma torpaqlarından zorla didərgin salındı, yüzlərlə hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun sosial, iqtisadi və mədəni infrastrukturu dağıdıldı, tarix və mədəniyyət abidələrimiz vandalizmə məruz qaldı. Məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları, inzibati və istehsal obyektləri talan edildi və məhv olundu.

Laçının işğalının Azərbaycanın sonrakı taleyində xüsusi strateji nəticələri oldu. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaradılması məhz Laçının işğalı nəticəsində mümkün oldu. Bu baxımdan Laçının və ondan əvvəl Şuşanın itirilməsi Qarabağın işğalının dərinləşməsinə gətirib çıxaran əsas amillərdən idi. Ona görə də Laçının azad edilməsi təkcə bir rayonun və şəhərin azad olunması deyil, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi əhəmiyyət daşıyan hadisə idi.

İşğal dövründə Ermənistan tərəfindən Laçında həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti, coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərin istismarı və demoqrafik vəziyyətin dəyişdirilməsinə yönəlmiş addımlar beynəlxalq hüququn prinsiplərinə zidd idi. Azərbaycan uzun illər bu qanunsuzluqların aradan qaldırılması və tarixi ədalətin bərpası üçün bütün siyasi və diplomatik imkanlardan istifadə etdi.

Nəhayət, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər bu prosesin həlledici mərhələsini yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusunun nəzarətinə Laçın şəhəri, Zabux və Sus kəndləri götürüldü. Beləliklə, Laçının işğalına son qoyuldu və Azərbaycan xalqı 30 ildən artıq davam edən həsrətdən sonra öz tarixi torpaqlarına qovuşdu.

Laçının azad olunmasında iştirak edən hərbçilərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Azərbaycan əsgər və zabitləri Vətən uğrunda böyük fədakarlıq göstərərək tarix yazdılar. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu qəhrəmanlığın dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin göstəricisidir.

Bu gün isə Laçın tamamilə fərqli mənzərə ilə diqqət çəkir. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı dövlət siyasətinin ən mühüm nümunələrindən biri məhz Laçındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri göstərir ki, məqsəd sadəcə dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil. Qarşıya qoyulan əsas məqsəd müasir, rahat, təhlükəsiz, iqtisadi baxımdan dayanıqlı və insanların layiqli həyatını təmin edən yaşayış məkanları yaratmaqdır.

Laçının bərpasında diqqət çəkən əsas məqamlardan biri “Böyük Qayıdış” prosesidir. 2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma yurda qayıdışına başlanılıb. Artıq yüzlərlə ailə Laçın şəhərində və rayonun kəndlərində məskunlaşıb. 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin – 823 nəfərin, Sus kəndinə 59 ailənin – 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin – 363 nəfərin daimi məskunlaşmasının təmin edilməsi Böyük Qayıdışın real nəticələrini göstərir.

Bu rəqəmlərin arxasında yalnız statistika dayanmır. Hər bir ailənin Laçına qayıtması bir insan ömrünün, bir ailənin, bir nəslin yarımçıq qalmış hekayəsinin tamamlanması deməkdir. 30 ildən artıq müddətdən sonra insanların öz ata-baba evlərinə qayıtması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən birinin – məcburi köçkünlərin doğma torpaqlarında təhlükəsiz və layiqli həyatının təmin edilməsinin reallaşmasıdır.

Laçında aparılan quruculuq işlərinin mühüm istiqamətlərindən biri də enerji təhlükəsizliyi və yaşıl enerji potensialının inkişafıdır. Rayonun su ehtiyatlarından səmərəli istifadə etməklə bir sıra su elektrik stansiyalarının yaradılması Laçının gələcəkdə Azərbaycanın yaşıl enerji xəritəsində mühüm mərkəzlərdən birinə çevrilməsinə imkan verir. Hazırda rayonun elektrik tələbatının tamamilə yaşıl enerji hesabına qarşılanması və artıq enerjinin ölkənin enerji sisteminə ötürülməsi xüsusilə əhəmiyyətlidir. Bu, həm Laçının iqtisadi potensialını artırır, həm də Azərbaycanın yaşıl enerji siyasətinin konkret nəticələrindən biri kimi qiymətləndirilə bilər.

Laçının strateji əhəmiyyətini artıran digər mühüm layihə nəqliyyat infrastrukturunun yenilənməsidir. Kəlbəcər-Laçın avtomobil yolunun inşası, çoxsaylı tunel və körpülərin yaradılması bölgənin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə rayonun və bütövlükdə Qarabağın Azərbaycanın digər bölgələri və xarici ölkələrlə nəqliyyat əlaqələrini genişləndirir. Hava limanı eyni zamanda Laçının turizm potensialının inkişafı baxımından da mühüm imkanlar yaradır.

Laçın şəhərinin inkişafında 2040-cı ilədək Baş Planın qəbul olunması xüsusi əhəmiyyət daşıyır. Şəhərin gələcək simasının müasir şəhərsalma prinsipləri əsasında formalaşdırılması, məktəb, xəstəxana, mədəniyyət və turizm obyektlərinin yaradılması, Memorial Parkın salınması, “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi Laçının yalnız bərpa olunmadığını, eyni zamanda gələcəyə hesablanmış yeni şəhər modeli əsasında qurulduğunu göstərir.

Laçında iqtisadi həyatın canlandırılması da Böyük Qayıdışın davamlı olması üçün mühüm amildir. Aqro-sənaye parkının yaradılması, mebel, tekstil, ayaqqabı və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin yaranmasına və yerli əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Heyvandarlıq, arıçılıq və balıqçılıq sahələrinin inkişafı isə Laçının təbii imkanlarından iqtisadi məqsədlərlə səmərəli istifadə olunmasına şərait yaradır.

Laçının turizm potensialı da kifayət qədər böyükdür. Unikal təbiəti, dağları, meşələri, çayları, tarixi-mədəni irsi və yeni yaradılan müasir infrastrukturu Laçını gələcəkdə Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevirə bilər. “Laçın” İstirahət Kompleksinin fəaliyyətə başlaması, Həkəri çayı ətrafında bulvar və istirahət məkanlarının yaradılması, kanat yolu layihəsinin həyata keçirilməsi bu potensialın reallaşdırılmasına hesablanıb.

2025-ci ildə Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi də şəhərin yalnız Azərbaycanın deyil, regionun mədəni həyatında artan rolunun göstəricisidir. Laçının mədəniyyət, kino, turizm və yaradıcılıq məkanı kimi inkişaf etdirilməsi şəhərin gələcək simasının çoxşaxəli olacağını göstərir. “Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Laçında həyata keçirilən “Həkəriçay” su anbarı layihəsi isə öz əhatə dairəsinə görə xüsusi strateji əhəmiyyətə malikdir. Layihənin reallaşması təkcə Laçının deyil, ətraf rayonların da içməli su təminatına mühüm töhfə verəcək. Bu cür layihələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq prosesi yalnız lokal xarakter daşımır, bütün Azərbaycanın sosial-iqtisadi inkişafına hesablanmış genişmiqyaslı dövlət siyasətinin tərkib hissəsidir.

Bu gün Laçına baxarkən biz iki fərqli mənzərəni müqayisə edə bilirik: bir tərəfdə 30 illik işğalın yaratdığı dağıntılar, digər tərəfdə isə cəmi bir neçə il ərzində həyata keçirilən nəhəng bərpa və quruculuq layihələri. Bu müqayisə Azərbaycan dövlətinin imkanlarını, iradəsini və Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində ortaya qoyduğu siyasi qətiyyəti aydın şəkildə göstərir.

Laçın artıq keçmişin ağrısını xatırladan işğal şəhəri deyil. Laçın bu gün qayıdışın, dirçəlişin, quruculuğun və Azərbaycanın gələcəyə baxışının simvollarından biridir. Burada ucaldılan yeni evlər, fəaliyyətə başlayan məktəblər, yaradılan müəssisələr, çəkilən yollar, inşa edilən enerji obyektləri və insanların doğma yurdlarına qayıtması Böyük Qayıdışın canlı mənzərəsini yaradır.

26 avqustun Laçın şəhəri günü kimi qeyd olunması da məhz bu baxımdan mühüm rəmzi məna daşıyır. Bu gün biz həm Laçının tarixini və işğal illərində yaşanan faciələri xatırlayır, həm də onun azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Eyni zamanda, bu gün Laçının gələcəyinə baxmaq üçün bir fürsətdir.

Əminəm ki, qarşıdakı illərdə Laçın daha da inkişaf edəcək, burada yeni ailələr məskunlaşacaq, yeni müəssisələr fəaliyyət göstərəcək, turizm və mədəniyyət imkanları genişlənəcək. Ən başlıcası isə Laçın yenidən öz sakinlərinin səsi, nəfəsi və həyatı ilə canlanacaq.

Laçının bugünkü mənzərəsi Azərbaycan xalqının bir həqiqətini bir daha təsdiqləyir: işğal müvəqqəti, Vətən əbədidir. Biz öz torpaqlarımıza qayıtdıq və indi həmin torpaqlarda gələcəyimizi qururuq. Laçının dirçəlişi Zəfərimizin yalnız hərbi deyil, həm də siyasi, iqtisadi, sosial və humanitar nəticələrinin ən parlaq nümunələrindən biridir.