Deputatlara edilən qeyri-adi müraciətlər: “İnəyimi tap.., evimi tikdir!”
Milli Məclisin deputatlarına fəaliyyətləri dövründə seçicilər tərəfindən saysız-hesabsız müraciətlər ünvanlanır. Bu müraciətlərin bir qismi sosial problemlər, məşğulluq, təhsil, səhiyyə, sənədləşmə və digər gündəlik məsələlərlə bağlı olur.
Seçicilər səs verdikləri deputatlardan müxtəlif məsələlərin həllində dəstək gözləyir, problemlərinin aidiyyəti qurumlara çatdırılmasını istəyirlər. Bəzən isə deputatların qarşısına elə müraciətlər çıxır ki, onların gözlənilməzliyi uzun müddət yadda qalır. Bu müraciətlər deputatın səlahiyyətlərinə birbaşa aid olmayan, hətta ilk baxışdan olduqca təəccüblü görünən xahişlərlə bağlı olur.
Bəs deputatlar illər ərzində vətəndaşlardan hansı qeyri-adi müraciətləri alıblar? Onları ən çox təəccübləndirən və yaddaşlarında qalan xahişlər nələr olub?
Modern.az saytı bu dəfə Milli Məclisin deputatlarından fəaliyyətləri dövründə seçicilərdən aldıqları ən qeyri-adi müraciətlər barədə soruşub.
Arzuxan Əlizadə: “Bəzən bizə aid olmayan məsələlərlə bağlı müraciətlər, şəxsi xahişlər də olur. Belə müraciətlərdən hər hansı birini ictimailəşdirməyi düzgün saymıram. İnsan ümid edərək nəsə istəyib. Əgər kömək etmək mümkündürsə, mütləq dəstək göstəririk. Yox, səlahiyyətlərimizi aşan məsələlərdirsə, izah edirik, onları istiqamətləndiririk, tam olaraq ümidsiz qoymuruq”.