NIPA-30

“ABŞ Azərbaycanla münasibətlərə 35 il əvvəlki prizmadan baxmamalıdır” – Millət vəkili

“907-ci düzəliş artıq mahiyyətini itirmiş və regiondakı yeni reallıqlara uyğun gəlməyən hüquqi-siyasi məhdudiyyətdir. Bu düzəliş 1992-ci ildə, Azərbaycan-Ermənistan münaqişəsinin tamamilə fərqli mərhələsində qəbul edilmişdi. Bu gün isə Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regionda yeni siyasi reallıq formalaşıb və Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılır”.

Buna News365.az–a açıqlamasında Millət vəkili, AMİP sədri Arzuxan Əlizadə deyib.

O, əlavə edib ki, ABŞ prezidentinin 907-ci düzəlişi növbəti dəfə bir illiyə dondurması, şübhəsiz ki, müsbət addımdır və Vaşinqtonun bu məhdudiyyətin praktik əhəmiyyətini getdikcə daha az gördüyünü göstərir:

“Lakin bunun hər il təkrarlanması problemin kökündən həll olunması demək deyil. Düzəlişin birdəfəlik ləğvi daha məntiqli və ardıcıl yanaşma olardı. Çünki ABŞ-Azərbaycan münasibətlərində yeni strateji mərhələ başlayıb və köhnə, artıq tarixi şəraitə uyğun olmayan məhdudiyyətin saxlanılması bu münasibətlərin ruhu ilə ziddiyyət təşkil edir.

ABŞ-ın bunu hələ tam ləğv etməməsinin əsas səbəblərindən biri məsələnin artıq icra hakimiyyətindən daha çox Konqresin siyasi mövqeyi ilə bağlı olmasıdır. ABŞ Konqresində erməni lobbisinin və bu istiqamətdə fəaliyyət göstərən müxtəlif qrupların ciddi təsiri qalmaqdadır. 2023-cü ildə 907-ci maddənin prezident tərəfindən tətbiq edilən “waiver” mexanizminin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüslərinin də ortaya çıxması bunu göstərir.

Amma hesab edirəm ki, Azərbaycan bu məsələdə prinsipial mövqeyini davam etdirməlidir. Vaşinqtonda əldə olunan yeni siyasi anlaşmalar, Azərbaycan-ABŞ münasibətlərinin strateji xarakter alması və regionda sülh gündəliyinin irəliləməsi fonunda 907-ci düzəlişin birdəfəlik ləğvi artıq həm siyasi, həm də məntiqi baxımdan zərurətə çevrilib. Bu, təkcə Azərbaycana münasibətdə ədalətsiz məhdudiyyətin aradan qaldırılması deyil, həm də ABŞ-ın Cənubi Qafqazdakı yeni reallıqları qəbul etdiyini göstərən mühüm siyasi mesaj olardı”.